Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Super nazirlik, super məsuliyyət - Cabbarov nə edəcək?

Super nazirlik, super məsuliyyət - Cabbarov nə edəcək?

yüklənir...
Prezident İlham Əliyevin oktyabrın 23-də imzaladığı sərəncamlarla Azərbaycanda yeni bir supernazirlik yaradıldı. Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi nəticəsində Azərbaycanda kiçik və orta biznesin, xalçaçılığın dəstəklənməsindən tutmuş, əmlakın qeydiyyatı və vergilərin toplanması sahəsinə kimi çoxşaxəli sahələri vahid mərkəzdən idarə edəcək bir qurum formalaşdırıldı.

Qeyd edək ki, Azərbaycanda bir neçə qurumun vahid strukturda birləşdirilməsi təcrübəsi əvvəllər də olub. Vaxtilə AZAL, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi iri qurumlar vahid mərkəzə - Nəqliyyat Nazirliyinə tabe idi. Lakin 2016-cı ildə nazirlik ləğv olundu, adları çəkilən strukturlara müstəqillik verildi. Nazirliyin digər strukturları isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildi. Son günlərədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda yeganə supernazirlik idi. Belə ki, bu nazirliyin strukturuna Dövlət  Avtomobil Nəqlıiyyatı Xidməti, Elektron Təhlükəsizlik Xidməti, Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Agentliyi, İnnovasiyalar Agentliyi, "Aztelekom” MMC, "Bakı Telefon Rabitəsi” MMC, "Azərpoçt” MMC, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi, Dövlət Radiotezliklər İdarəsi, "AzİnTelekom” MMC, Məlumat Hesablama Mərkəzi, "Azərmarka” MMC, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi MMC, Milli Nüvə Tədqiqatları Mərkəzi MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC, Bakı Taksi Xidməti MMC, Nəqliyyat Təlim-Tədriz Mərkəzi MMC, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi MMC, Yardımçı Kənd Təsərrüfatı və Xidmət İdarəsi, "Rabitəçi” İstehsalat Bazası kimi çoxsaylı və çoxfunksiyalı qurumlar daxildir. Bu nazirliyin fəaliyyəti heç də birmənalı qiymətləndirilmir. Belə ki, xüsusilə nazirliyin təqdim etdiyi rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı ciddi narazılıqlar hökm sürməkdədir. Nəqliyyat sahəsində həyata keçirilən siyasət də kifayət qədər sərt tənqidlərə məruz qalmaqdadır.

Bu baxımdan, ondan daha geniş struktura malik İqtisadiyyat Nazirliyinin gələcək fəaliyyətində effektivliyə nail olunub-olunmayacağı hər kəsi düşündürür. Qeyd edək ki, indiyədək  Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin strukturuna ərazi şöbələri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, Təlim-Tədris Mərkəzi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Vergilər Nazirliyinin strukturuna baş idarələr, ərazi baş idarələri, ərazi vergi idarələri və rayon vergi şöbələri daxil idi.

İqtisadiyyat Nazirliyinin strukturunda isə nazirlik aparatı, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları, 9 regional bölmə var idi. Bundan əlavə, nazirliyin tabeliyində olub strukturuna daxil edilməyən İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC, Bakı Biznes Mərkəzi MMC, Təsərrüfat Müəssisəsi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sumqayıt Kimya-Sənaye Parkı MMC, Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, nazirliyin təsisçisi olduğu AZPROMO, "Azərlotereya” ASC, səhmlərinin saxlanması və ya idarə olunması nazirliyə həvalə olunmuş "Təmiz Şəhər” ASC və Azərbaycan İnvestisiya Şirkəti ASC, nazirliyin Müşahidə Şurasının sədri olduğu və bəzi təsisçi səlahiyyətlərini həyata keçirdiyi "Azerigold” QSC və "Azərxalça” ASC kimi qurumlar da var.

Prezidentin sərəncamı ilə təsdiq olunmuş struktura isə İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar),  Nazirlik yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, nazirliyin regional bölmələri, həmçinin Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxil edilib. Nazirliyin strukturuna daxil edilməyən digər qurumlarla bağlı sərəncamlarda heç bir bənd nəzərdə tutulmadığına görə onların mövqeyində ən azı indi hansısa dəyişiklik edilməyəcəyini söyləmək olar.

Beləliklə, ölkə başçısı mühüm islahatlar həyata keçirilməli olan strateji sahələri vahid ələ - daha doğrusu, etibar etdiyi Mikayıl Cabbarova həvalə etdi.

Prezidentin Mikayıl Cabbarovu qəbul edərkən söylədiyi fikirlər, verdiyi mesajlardan da göründüyü kimi, M.Cabbarov həm böyük məsuliyyət, həm də prezidentin hər cür dəstəyi ilə ölkənin ən böyük nazirliyinə rəhbər gətirildi. Bu isə onun ən azı vergi sisteminə rəhbərliyi dövründəki qədər effektiv fəaliyyət göstərmək imkanı qazanması deməkdir. İqtisadiyyat naziri olaraq onu ölkə iqtisadiyyatında kök salmış məmur oliqarxiyasına qarşı mübarizə kimi kifayət qədər ciddi müqavimət və təxribatla üzləşmək ehtimalı böyük olan iş gözləyir.

Onu da qeyd edək ki, prezident tərəfindən həyata keçirilən kadr və struktur islahatlarının yaxın günlərdə davam etdiriləcəyi bildirilir. Mediada yayılan bəzi məlumatlarda daha bir neçə qurumun vahid ələ həvalə olunacağı qeyd olunur. Belə ki, Dövlət Gömrük Komitəsi ilə Maliyyə Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bankın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin birləşdiriləcəyinə dair məlumatlar yayılmaqdadır. Hətta dünən bəzi internet resurslarında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun istefa ərizəsi yazaraq, kollektivlə vidalaşdığına dair iddialar da vardı. Hər halda, tezliklə bu kimi məlumatların nə qədər həqiqətəuyğun olduğu aydınlaşacaq...

Mənbə: "Yeni Müsavat”
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur