Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olub

“Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olub

yüklənir...

İyulun 2-də Bakıda Avropa Şurasının və Avropa İttifaqının "Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən müasirləşdirilməsi və icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir. Layihənin 2021-ci il avqustun 31-dək davam etməsi nəzərdə tutulur. Ümumi büdcəsi 915 min avro olan layihə CEPEJ tərəfindən həyata keçirilir.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes, Avropa Şurasının ədliyyə və hüquqi əməkdaşlıq bölməsinin rəhbəri xanım Hanne Yunker, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və digərləri çıxış edərək Azərbaycan ilə Avropa Şurası və Avropa İttifaqı arasında məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən və görülən tədbirlərdən danışıblar. Bildirilib ki, icra olunacaq yeni layihə Avropa Şurası, Avropa İttifaqı ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində qurulan səmərəli əməkdaşlığın inkişafına xidmət edəcək, məhkəmə sisteminin səmərəliliyinin daha da artırılmasına səbəb olacaq. Avropa Şurası bu istiqamətdə uzun müddətdir Azərbaycanın müxtəlif qurumları, o cümlədən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində böyük nailiyyətlər qazanıb. Çıxışçılar Azərbaycanda məhkəmə-hüquq sahəsində görülən işləri, ədliyyə sahəsindəki yenilikləri, müasir innovativ texnologiyaların tətbiqini təqdir ediblər.

Layihənin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğuna minnətdarlığını bildirən Ədliyyə nazirinin müavini Azər Cəfərov diqqətə çatdırıb ki, müstəqil məhkəmə sisteminin inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu məhkəmə islahatları aparılır, bu sahədə qabaqcıl Avropa standartları tətbiq olunur. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə sıx tərəfdaşlıq şəraitində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik aktları əsaslı şəkildə yenilənib, çoxsaylı institusional tədbirlər həyata keçirilib və bu qanunvericilik aktları hazırda uğurla tətbiq olunur.

Qeyd edilib ki, Azərbaycanda məhkəmə sisteminin müasir inkişaf tarixinin böyük hissəsi CEPEJ ilə əməkdaşlıq dövrünə təsadüf edir. Bu dövrdə qanunvericiliyə daha demokratik ruhlu, prosedurları daha şəffaf edən çoxsaylı düzəlişlər olunub. Ədalət mühakiməsinə əlçatanlığın yüksəldilməsi məqsədilə məhkəmələrin, hakimlərin, məhkəmə aparatı işçilərinin, vəkillərin sayı artırılıb, hakimlərin maddi və sosial müdafiəsi gücləndirilib, məhkəmələrin büdcəsi möhkəmləndirilib. Bu proses hazırda davam edir. Bu, dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda müşahidə edilir. Azərbaycanda bu islahatlar bir çox hallarda Avropa Şurasının digər dövlətlərində məhkəmə sistemlərinin işi barədə CEPEJ tərəfindən həyata keçirilən kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə əsaslanıb.

Bildirilib ki, "Məhkəmə vaxtının səmərəli təşkili və düzgün bölüşdürülməsi, bəzi kateqoriyadan olan mübahisələrin məhkəmədənkənar alternativ həlli yollarının tətbiqi göstərilən bu məsələlərin sırasındadır. Avropa Şurası ilə birgə fəaliyyət planı çərçivəsində 2015-2017-ci illərdə həyata keçirilmiş ilk layihənin əsas komponentlərinin uğurlu icrası da məhz belə təhlillərin nəticələrinə söykənib. Yeni layihəyə məhkəmə sisteminin təkmilləşdirilməsi işinin davamı kimi baxılmalıdır. Azərbaycan islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir. Layihənin nəzərdə tutduğu məqsədlərin bir hissəsi dövlət başçısının müvafiq fərmanın çağırışları ilə üst-üstə düşür. Ümidvarıq ki, layihənin gözləntilərinə və uğurlarına nail olacağıq”, - deyə Azər Cəfərov vurğulayıb.

Sonra CEPEJ-in prezidenti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin əvvəlki mərhələsinin təqdimatı ilə bağlı çıxış ediblər, onun uğurlu nəticələri haqqında məlumat veriblər. CEPEJ alətlərinin tətbiqi sahəsində Azərbaycanda məhkəmələrin əldə etdiyi nailiyyətlərə toxunublar.

Avropa Şurasının proqram meneceri Mariana Fernandez Puçe və Avropa Şurasında layihə üzrə məsul şəxs Vəfa Rövşənova "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihəsinin təqdimatını edib, görüləcək işlər, milli məlumat bazasının yaradılması və digər məsələlər barədə danışıblar.

Daha sonra Azərbaycanda son ədliyyə islahatları çərçivəsində ədliyyə sahəsində müxtəlif qurumlarla CEPEJ arasında əməkdaşlıq mövzusunda təşkil edilən dəyirmi masada Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Ali Məhkəmənin hakimi Sənan Hacıyev, Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Mürvət Həsənov, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov çıxış ediblər.

Çıxışlarda məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsində dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli müvafiq Fərmanın müstəsna əhəmiyyətindən, qanunvericilik və institusional yeniliklərdən, alternativ mexanizmlərin təşviqindən, vəkilliyin fəaliyyətinin gücləndirilməsindən, Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsindən, Avropa Şurasının ixtisaslaşmış qurumlarından olan CEPEJ-in ölkəmizdəki bu islahatların dərinləşməsinə dəstəyindən, təcrübəli ekspertlər ilə aparılan məsləhətləşmələrdən, onların tövsiyələrindən və digər məsələlərdən söz açılıb. Vurğulanıb ki, yeni layihənin icrası Azərbaycanda məhkəmə səmərəliliyinin ölçülməsi üzrə tətbiq edilən alətlərin bütün məhkəmələrə yayılmasına səbəb olacaq.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur