Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
SƏN DEMƏ, ANALAR İKİ DƏFƏ KÖVRƏLİRMİŞ

SƏN DEMƏ, ANALAR İKİ DƏFƏ KÖVRƏLİRMİŞ

yüklənir...
Ana ürəyi bənzərsizdir, müqəddəsdir!
Həm də zərifdir, çırpıntılıdır.
Övladlarla bağlı məqamda isə bu zəriflik bir anda kövrəkliyə çevrilə bilir.
Qadının, övladın yaşından, ananın cəmiyyətdəki mövqeyindən, statusundan və digər amillərdən asılı olmayaraq...

Və bəzən həyatın elə anı gəlib çatır ki, ananın ürəyi "bir damcı” olur...
Və bir də sən demə, bütün analar iki halda istisnasız olaraq kövrəlirlərmiş.
Ürəyin "bir damcı” olan vaxtı!
Bir qız övladı gəlinlik paltarında, "Vağzalı” təranələri altında ata ocağını tərk edəndə...
Bir də oğlu hərbi paltarı geyinib Vətənin əsgər balasına çevriləndə!
Hətta göz yaşlarını zahirdə gizlətsələr də, ürəklərinə axır, hey axır...
Zərif, müqəddəs və övlad sevgisindən incəlmiş ürəklərinə...
Bilinmir bu yaşlar sevincdən, nigarançılıqdan, yoxsa ən ülvi arzularına çatdıqlarındandırmı, yoxsa başqa səbəbdən!
Əbəs deməyiblər ki, qadın ürəyi həmişə sirli olur.
 


AZƏRBAYCAN GÜC GÖSTƏRMİR, GÜCÜNÜ GÖSTƏRİR


Ötən həftə bir sıra hadisələrlə əlamətdar oldu.
Sentyabrın 15-də "Azərbaycan” qəzetinin 100 yaşı qeyd edildi!
O qəzetin ki, ilk nömrəsini Gəncədə buraxmaq məcburiyyətində qalaraq Bakının bolşevik-daşnak işğalından azad edilməsinə həsr etmişdilər.
Elə sentyabrın 15-də Azadlıq meydanında keçirilən ikinci möhtəşəm hərbi paradın da şahidi olduq!

* Bu parad təkcə nümayiş etdirilən hərbi texnikanın yeniliyi, dağıdıcı gücü və mükəmməlliyi ilə fərqlənmirdi.
* Bu parad həm də yüz il bundan əvvəldə olduğu kimi, Azərbaycan-Türkiyə qardaşlığının, çətin gündə daim bir-birinin yanında olduğunun nümayişi idi!
* Bu parad əslində dostluğun, qardaşlığın və əməkdaşlığın paradı idi!

Artıq Azərbaycanın Paşinyansayağı bəyanatlar verməsinə, müharibə elan etməsinə, əzələ nümayişinə ehtiyac yoxdur!
Azərbaycan öz gücünü 2016-cı ilin aprelində - Lələtəpə yüksəkliyinin alınmasında, 2018-ci ildə isə Naxçıvanda Günnüt kəndinin və digər mühüm strateji yüksəkliklərin geri qaytarılmasında göstərdi!
Üst-üstə 13 min hektardan çox Azərbaycan torpağı düşmən işğalından azad edildi!
Həm də Yerevan-Gorus-Laçın-Xankəndi yolu qəhrəman ordumuz tərəfindən tam nəzarətə götürüldü.
Hər iki hərbi əməliyyatların "dadı” hələ də Ermənistan ordusunun "damağındadır”!
İtə deyirlər niyə hürürsən? - Deyir, qorxuduram!
Deyirlər bəs quyruğunu niyə bulayırsan? - Deyir, axı özüm də qorxuram!
Paşinyan bəyanatlarının "fəlsəfi mahiyyəti” belədir.


VƏTƏNƏ XİDMƏT AMALI


Ötən həftənin maraqlı hadisələrindən biri Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissələrindən birində baş verdi.
Ordu sıralarına çağırılmış gənclərin hərbi andiçmə mərasimi keçirildi.
Azərbaycan üçün adi, adət etdiyimiz və tez-tez mavi ekranlarda gördüyümüz hadisədir!
Bu adi hadisəni təntənəli və qeyri-adi edən isə andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və ailə üzvlərinin iştirakı idi!
Bunun səbəbi isə oğul Heydər Əliyevin Azərbaycan ordusunda hərbi xidmətə başlaması idi!
Vaxtilə babası Heydər Əliyev də orduda xidmət etmişdi!
Atası İlham Əliyev də əsgəri borcunu vermişdi!
İndi isə növbə özünə çatmışdı!
Bu sayaq təntənəli mərasimdə valideynlərin, bacı və qardaşların iştirakı təbiidir.
Həm də ənənə şəklini alıb.
Elə dövlət başçısı və ailə üzvləri də unudulmaz mərasimə adi valideynlər kimi qatılmışdılar.
Valideynlər üçün ayrılmış yerdə, - hamı ilə birlikdə oturmuşdular.
Bütün atalar kimi qürur və fəxarət duyur...
Bütün analar kimi kövrəlir...
Bütün bacılar kimi həyəcan hissi keçirirdilər!
Bir neçə ay öncə ADA Universitetini bitirən Heydər bu dəfə əyninə məzun mantiyası yox, əsgər paltarı geyinmişdi!
Ordunun ab-havası zahiri görkəminə də təsirsiz qalmamışdı: üz cizgiləri bir qədər sərtləşmiş, baxışları qətiləşmiş, avtomatın qundağından tutan əlləri möhkəm-möhkəm sıxılmışdı!
Boy-buxunu, nizami yerişi də öz qaydasında!
Allah saxlasın!
Bəd nəzərdən qorusun!
Hamısını!
İnsanın əsl xoşbəxtliyi özünü valideyn kimi xoşbəxt saymasındadır!

* Əgər övladın fərli çıxıbsa...
* Əgər övladın yaxşı oxuyub, bilikli mütəxəssis olubsa...
* Əgər övladın sağlam, güclüdürsə və Vətənin keşiyində dayanmağa gedirsə...

Bunun özü valideyn xoşbəxtliyi deməkdir!
Əslində bütün valideynlər də Allah onlara oğul payı verəndə bunu arzulayırlar!
Övlad sənindir!
Amma əsgər paltarı geyinib, kazarmaya köçdüsə, deməli, hamımızındır!
Hər bir əsgər bizim hər birimizin doğma balasıdır!
Çünki Vətənin keşiyini çəkir!
Deməli, həm də Vətənin övladıdır!
Yerləri nə qədər rahat, yeməkləri nə qədər yaxşı olsa da, yenə onlardan nigaran qalırıq!
Xidməti müddətlərini başa çatdırıb tezliklə evə dönəcəkləri günü səbirsizliklə gözləyirik.
Ayları, həftələri, günləri saya-saya!


SİLAHDAN GÜCLÜ SİYASƏT


Ali Baş Komandan bütün əsgərlərin atası sayılır!
Bəzən səbrimiz daralır, nəfəsimiz tıncıxır:
"Niyə torpaqları hərbi yolla azad etmirik!”
Yaxşı da bilirik ki, hamımızın ümid yeri İlham Əliyevdir!
Şübhə etmirik ki, torpaqları o geri qaytaracaq!
Əminik ki, özünün yaratdığı və ən yeni texnologiyaya əsaslanan silahlarla silahlandırdığı orduya əmr etsə, müasir Azərbaycan Ordusu çox qısa vaxtda Ermənistan qoşunlarını süpürüb torpaqlardan atar!
Necə ki bunu Lələtəpə və Günnütdə eləmişdi!
Amma İlham Əliyev Ali Baş Komandan olaraq bu əmri verməyə tələsmir!

* Çünki dünyada hansı proseslərin getdiyini hamımızdan yaxşı bilir!
* Çünki müharibənin əvvəlcə siyasət, sonra hərb meydanında udulduğunu hamıdan gözəl anlayır!
* Müharibəyə haçan, hansı şəraitdə, necə başlamağı da hamıdan əla hesablayır!

Eyni zamanda hər əsgərin də qədrini hamıdan yaxşı bilir!
Hər gənc oğlanın bir ailənin, bir nəslin ümid çırağı olduğunu gözəl anlayır!
Odur ki, o çırağı söndürməyə tələsmir.
Sülh yolu ilə inadla, inamla gedir!
Hətta ümidsiz vəziyyətlər yarananda belə təmkinini itirmir!
Həm də bütün müharibələr sülhlə bitir!
O sülhə qurbansız nail olmaq mümkünsə, tələsmək nəyə lazım?!
Bəli, "Torpaq, uğrunda ölən varsa, Vətəndir!”
Bunu indiyədək verdiyimiz 20 min şəhid balamız da sübut edib!
Müharibə başlasa, hamımız əsgərə çevriləcəyik!
Azərbaycanın əsgərinə!
İlham Əliyevin əsgərinə!
Çünki ona inanırıq, güvənirik və sevirik!
İlham Əliyev də yeganə oğlunu başqalarından ayrı tutmur.
Orduda xidmətə göndərir!
Həm də ailə üzvləri ilə birlikdə andiçmə mərasiminə qatılır!


FAKTLAR NƏLƏRİ SÖYLƏYİR


Azərbaycan Prezidenti mərddir, əyilməzdir, vüqarlıdır!
Çünki o, müstəqil dövlətə rəhbərlik edir, iqtisadi və siyasi cəhətdən kimsədən asılı olmayan dövlətə!
Başqalarına forpostluq edən, sərhədlərini özgə qoşunları qoruyan, ərazisində başqa dövlətin ordusu yerləşən ölkənin prezidenti isə yaltaq və yalaq olar, sahibinə xoş gəlmək üçün daim onun üzünə müticəsinə gülər, qəddini şax tutmağa qorxar.
Azərbaycan Prezidenti şanlı-şöhrətli nəslin nümayəndəsi, keçmiş SSRİ rəhbərlərindən biri olmuş Heydər Əliyevin oğlu və siyasi varisidir! Hər dəfə prezident seçkilərində xalqın böyük dəstəyi və məhəbbəti ilə yenidən bu yüksək vəzifəyə seçilir!
Paşinyan özünə yeni ağa axtaran nökərin günündədir: köhnəsindən qorxduğundan qopa bilmir, təzəsi isə onu havayı yemləmək niyyətində deyil! O, Ermənistanın cinayətkar rəhbərlərinin korrupsiya əməllərindən bezərək dilənçi vəziyyətinə düşmüş erməni xalqının narazılıq dalğasında meydana gəlib. Meydana isə həbsxanadan gəlmişdi. İndi isə həm qisasını alır, həm də layiq olmadığı kürsüsünü əldən verməmək üçün min bir hoqqadan çıxır, tez-tez sərsəm və səfeh bəyanatlar səsləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars transmilli layihələrini reallaşdırır; Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini işə salır; "Yeni əsrin müqaviləsi”ni imzalayır; okeana birbaşa çıxışı olmayan Bakını nəqliyyat qovşağına və logistika mərkəzinə çevirir.
Paşinyan sədəqə həsrəti ilə Avropanı gəzir, Amerikadan yardım umur, erməni diasporuna yalvar-yaxar edir, qəpik-quruş üçün sinov gedir.
Azərbaycan beynəlxalq görüşlərin, tədbirlərin, möhtəşəm idman oyunlarının keçirildiyi meydana, qlobal dünyanın problemlərinin müzakirə olunduğu mərkəzə çevrilib.
Ermənistanın bir-iki dövlətdən savayı qapısını açan, Paşinyanı adam yerinə qoyan yoxdur!
Biz heç vaxt dünya şöhrətli Prezidentimizi forpost Ermənistanın rəhbərliyində təsadüfi ünsür sayılan Paşinyanla müqayisə etmərik!
Allah eləməsin!
Sadəcə hamının gördüyü, bildiyi, şahidi olduğu faktları sadaladıq.


ŞƏRƏFLİ MİSSİYANIN DAVAMI


Andiçmə mərasimindən sonra Heydər Əliyev Azərbaycanın bir nömrəli əsgərinə çevrildi!
Özü boyda daş kimi Paşinyanın təpəsinə düşdüyünə görə!
Paşinyanın büdcəsi boşdur, meydanda verdiyi vədləri yerinə yetirə bilmir, sədəqə alası yerlər isə bir-birinin ardınca fıs çıxır!
Deyəsən hələ də anlamır ki, Ermənistanı fəlakətdən, erməni xalqını isə dilənçilikdən qurtarmaq üçün münaqişəni həll etməli, işğal altındakı torpaqları boşaltmalıdır.
Populist çıxışlar və hərəkətlər qısa zamanda effekt verir!
Müvafiq biliyi, təcrübəsi və hörməti olmayanlar dövlət gəmisini idarə edə bilməzlər!
Xüsusən minalanmış körfəzdə!
Oğlunu Qarabağa göndərməklə nə demək istəyirdi?
Onsuz da hamı bilir ki, kiçik Paşinyan bütün günü Xankəndidə kef-damaqdadır!
Buna Ermənistanda sosial şəbəkəyə yazanlar özləri şahidlik edirlər.
Guya Qarabağı bu ikisi qoruyub saxlayacaqmış...
Heydər Əliyev doğma Vətən torpağını azad etmək üçün təhsilini yarımçıq qoyaraq əyninə əsgər paltarı geyinib!
O, öz vətənində xidmət edir!
Nəyin uğrunda vuruşacağını gözəl anlayır və şüurlu şəkildə qəbul edib!
Nəslinin başladığı şərəfli missiyanı şərəflə davam etdirir.
Vətənə xidmət bu nəslin ən böyük amalı, müqəddəs saydığı işdir!
Paşinyanın narahatlığı da elə-belə deyil!
Torpaqların qaytarılma vaxtı sürətlə yaxınlaşır!
İndi dünyada çox şey dəyişib, yeni situasiyanın yaranması prosesi başlayıb!
Ümidimiz yenidən inama çevrilməkdədir!

Həm də inanırıq ki, Qarabağı məhz Heydər Əliyevin xidmət etdiyi dövrdə qaytaracağıq!
Siyasətlə gücün, ağılla üzaqgörənliyin, hərblə diplomatiyanın vəhdəti buna möhkəm təməl yaradıb!
Aprel və Günnüt şapalağından sonra əsgər təpiyinin zamanı yetişir!


Bəxtiyar SADIQOV
 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur