Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Ermənistandakı rus qoşunu Qarabağa gələcək? - AKTUAL ŞƏRH

Ermənistandakı rus qoşunu Qarabağa gələcək? - AKTUAL ŞƏRH

yüklənir...

Nalbandyanın bəyanatı çoxlarını ekstaza gətirdi. Hətta bəzi həmkarlarımız Ermənistanın hansı əraziləri azad etməyə hazır olduğu barədə də yazmağa başladı. Əslində, bu, çox ciddi bir planın, anti-Azərbaycan planın tərkib hissəsidir. Söhbət Rusiyada hazırlanmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması panından gedir. Buna Lavrov planı da deyirlər.

 

Planın kimin adı ilə adlanması önəmli deyil. Önəmli olan planın arxasında gizlənən maraqlardır.

 

Məlum olduğu kimi, ABŞ-ın da Lavrov planına bənzər təklifləri var. Bu barədə Minsk Qrupunda ABŞ-ı təmsil etmiş Riçard Hoqland açıqlama vermişdi.

 

Hər iki planın sual doğuran ən ciddi məqamları isə iki xalqın yanaşı yaşamaq imkanları və iki xalqın təhlükəsizliyinə təminat verəcək sülhməramlılarla bağlıdır.

Yanaşı yaşamaqla bağlı mövcud problemlər barədə ötən yazıda bəhs etdim. (http://news.lent.az/news/283649 ) İndi isə sülhməramlılar barədə...

 

Əslində hər iki planın, həm ABŞ, həm də Rusiya planının ən həssas nöqtəsi iki xalq arasında əmin-amanlığı qoruyacaq beynəlxalq sülhməramlıların hansı ölkə və ya ölkələrdən olacağı ilə bağlıdır. Bu məsələdə Lavrov planı daha çox diqqət çəkir. Planın əsas elementlərindən biri əraziyə sülhməramlıların yeridilməsidir. Əslində bu ad altında Kreml Dağlıq Qarabağa qoşun çıxarmaq istəyindədir. Bu yerdə Ermənistandan gələn bəzi məlumatları diqqətinizə çatdırım.

 

 

Ermənistanda dislokasiya olunmuş Rusiya Federasiyasına məxsus qoşun birləşməsində vəziyyət ürəkaçan deyil. Artıq neçə ildir ki, bir çox zabitlər Allahın da yadından çıxmış bu hərbi hissəni tərk etmək istəyir. Rus zabitlərini bu hərbi hissədə saxlayan bircə stimul var. Buradakı zabitlərə bildirilib ki, tezliklə onlar sülhməramlı statusu ilə Dağlıq Qarabağa gedəcəklər. Bu halda onların əmək haqqı və şəraiti tamam fərqli (yaxşı mənada) olacaq. Artıq bu proses bir neçə ildir ki, davam edir. Proses həm KTMT, həm də diplomatik çevrələrdə ciddi müzakirə olunur.

 

Müəyyən zaman kəsiyində elə bir fon yarandı ki, ABŞ və Avropa münaqişənin həllində Rusiyanın dominantlığını qəbul edir. Lakin ABŞ Rusiyanın son məqsədinin məhz öz nəzarətində olan sülhməramlıların Dağlıq Qarabağa yeridilməsi fikrinin ciddiliyini nəzərə alaraq Hoqlandın səsləndirdiyi təklifləri ortaya atdı. İndi bəzi müşahidəçilər bu iki təklifin ciddi fərqləri olmadığını bildirsə də, bir çox ciddi ekspertlər fərqlərin varlığını birmənalı söyləyir. Fərqli yanaşmanın mövcudluğu isə tezliklə nəticə əldə olunmayacağına dolayı bir işarədir. Deməli, Qərb və Şimal razılaşmalıdır ki, bundan sonra razılaşdırılmış təkliflərlə proses davam etsin.

 

Nalbandyanın son bəyanatından görünən budur ki, Ermənistan Rusiyanın təklifinə birmənalı razılıq verir. Və bu razılıq indi əldə olunmayıb. Bu yerdə Ermənistandan gələn başqa məlumatlar maraq doğura bilər.

 

Son illər Dağlıq Qarabağ ərazisi olmayan Kəlbəcər rayonunda "tikinti-quruculuq” işləri vüsət götürüb. Hətta Ermənistanın baş nazirinin mineral su zavodunun bünövrəsini qoyduğu barədə də məlumatlar yayıldı. Əslində, bütün bunlar Rusiyanın böyük planın bir hissəsidir. Rusiyanın təkliflərində məhz 5 rayonun azad edilməsindən söhbət gedir. Laçın və Kəlbəcər isə sonraya saxlanılır. Əslində 5 rayon azad edilib əraziyə rus "sülhməramlıları” yerləşdiriləcəyi təqdirdə Laçın, o cümlədən də Kəlbəcər Azərbaycanın əlindən həmişəlik çıxa bilər. Ermənilərin bu rayonda tikintiyə həvəslə girişməsi də Rusiyadan gələn təlimatların bir hissəsidir. Lavrov planının daha effektli realizəsi üçün Kəlbəcərdə tikinti və sair bu kimi tədbirlər görülməkdədir.

 

Sözsüz ki, istənilən sülhməramlıların əraziyə yeridilməsi Azərbaycanın milli maraqlarına cavab vermir. Rusiya qoşunlarının və yaxud da Rusiyanın tam nəzarətində olan MDB ölkələrinin qoşunlarının sülhməramlılar adı ilə Dağlıq Qarabağa gətirilməsi heç bir vəchlə qəbul edilə bilməz. Əslində bu məsələdə Qərb Azərbaycanın ən ciddi müttəfiqi kimi çıxış edə bilər. Sözsüz ki, Qərb yenidən Azərbaycanda rus qoşununu görmək istəmir. Belə olan təqdirdə sual yaranır: Sülhməramlıların tərkibi necə müəyyənləşəcək?

 

Təbii ki, Türkiyə ordusunun buraya gəlişi mümkün deyil, bunu Rusiya istəməyəcək və Ermənistan bununla razılaşmayacaq. Bəs hansı ölkə?

 

Müxtəlif versiyalar irəli sürmək olar. Qonşu Gürcüstandan tutmuş, okeanın o tayındakı ABŞ-a qədər bir çox ölkələrin adını çəkmək olar. Amma bütün bunlar münaqişə zonasında insanların güvənli yaşamasını təmin edəcəkmi? Və yaxud sualı belə qoyaq: Münaqişə bölgəsində yaşayan insanlar özlərini güvəndə hiss edəcəkmi?

 

Çətin sualdır. Və cavab birmənalıdır – YOX.

 

Təsəvvür edin ki, Xankəndinin bir addımlığında olan Kərkicahan kəndinin sakini Azərbaycan əsgərinin olmadığı bir situasiyada özünü necə güvənli hesab edə bilər?
Və yaxud da Ağdamın bir-necə kilometrliyində olan Xramort kəndinin sakini Ağdam sakinləri öz şəhərlərinə qayıtdıqdan sonra erməni əsgəri olmadan özlərini necə hiss edəcək?

 

Həm Azərbaycanda, həm də Ermənistanda beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən müvafiq hərbi birləşmələr mövcuddur. Bu hərbi birləşmənin zabitləri xüsusi təlimlərdə iştirak etmiş yüksək peşəkarlardır.

 

Dağlıq Qarabağa kənardan hansısa ölkənin sülhməramlılarını gətirməkdənsə həm Azərbaycanda, həm də Ermənistanda mövcud olan sülhməramlı hərbi birləşmələrin əsgər və zabitlərini cəlb etməklə birgə sülhməramlı birləşmələr formalaşdırmaq olar. Nəzərə alaraq ki, bu hərbi birləşmədə qulluq edən zabitlər xarici dilləri də bilir ümumi rəhbərliyi bu sahədə daha çox təcrübəsi olan ölkələrin zabitlərinə həvalə etmək olar.

 

İlk baxışda bir qədər iddialı və əlçatmaz görünən bu yanaşma həm insanların güvənli yaşamasını, həm də davamlı sülhü təmin edə bilər.

 

Belə olan halda Kərkicahana qayıdacaq məcburi köçkün də, Xramortda yaşayan erməni də özünü daha güvəndə hiss edəcək.

 

Unutmamısınızsa, "atan kazaklardı”...

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur