Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Şəhla İsayeva: “İllərdən bəri kökləndikləri

Şəhla İsayeva: “İllərdən bəri kökləndikləri "qələbə" eyforiyasını bir andaca darmadağın etdik”

yüklənir...
Şəhla İsayeva:

Dogruxeber.com-ın eksklüziv müsahibi Azərbauycanın Pakistandakı təmsilçisi, fəal diplomat xanım Şəhla İsayevadır: 


-Ötən ay bir çox ölkələrdə terror hadisələri seriya şəklində çox sayda insan ölümünə səbəb oldu. Pakistanda da uşaqların olduğu parkda bu terrorun baş verməsi 300-dən çox insanın xəsarət almasına, çox sayda uşaq və ananın ölümünə səbəb oldu. Bununla bağlı fikrlərinizi almaq istərdik. bu abu hava Pakistanda necə qarşılandı? Ümumiyyətlə nə baş verirdi həmən an?



-Bəli çox təəssüf ki ötən ay Pakistan üçün daha bir faciəvi terror hadisəsi ilə yadda qaldı. Xeyli sayda günahsız körpə uşaqlar, qadınlar bu amansız terrorun qurbanı oldular. Martın 27-də Gülşəne İqbal parkında 75 nəfərin ölümü, 300-ə yaxın vətəndaşın yaralanması ilə nəticələnən terror aktının Təhriki Talibane Pakistan terror təşkilatına bağlı Səlahəddin Xorasani adlı şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Terrora görə məsuliyyəti isə adıçəkilən qruplaşma öz üzərinə götürmüşdür. Bu terrorun hədəfi Pakistanda yaşayan xristian azlıq olsa da, müsəlmanlardan da, xeyli sayda insan həlak olmuş və yaralanmışdır. Əlbəttə ki bu hadisə həm dövlət səviyyəsində pislənilmiş, həm də böyük ictimai qınağa səbəb olmuşdur. Çünki terrorun və terrorçunun dininin olmadığını artıq hər kəs gözəl dərk edir. Pakistanın müvafiq qurumları isə öz növbəsində terror aktının təşkilatçılarının tapılaraq cəzalandırılmaları istiqamətində öz səylərini davam etdirirlər. Əminəm ki bu səylər tezliklə öz nəticəsini verəcək və günahkarlar öz layiqli cəzalarına çatacaqlar. Ümumiyyətlə bildiyiniz kimi Pakistan uzun illərdir ki terrordan əziyyət çəkən bir ölkədir və buna səbəb həm ölkə daxilində həm də xaricində bu kimi hadisələrin törədilməsində maraqlı olan qüvvələrin mövcud olmasıdır. Qeyd etmək istərdim ki, Pakistan uzun zamandır terrorizmə qarşı mübarizədə bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməkdədir.


-Ayın əvvəlində cəbhə xəttində atəşkəs rejmi erməni separatçıları tərəfindən yenə pozuldu. Nəticədə çox sayda şəhid verməklə bir qədər torpaqlarimizi geri qaytarmağa da müvəffəq olduq. Bu durum Pakistandan necə görünürdü?

-Əvvəla bütün şəhidlərimizə Allahdan qəni-qəni rəhmət diləyirəm və fürsətdən istifadə edərək, xalqımızı bu kiçik qələbə münasibətilə təbrik edirəm. Mən də, bir ana olaraq, bu dörd günlük müharibədə böyük rəşadət göstərərək, qəhrəmancasına həlak olmuş şəhidlərimizin anaları qarşısında baş əyir, onların dərdlərinə şərik oluram. Əlbəttə ki, bu vəziyyəti kənardan müşahidə etmək nəinki Pakistanda, ümumiyyətlə qürbətdə yaşayan hər bir azərbaycanlı üçün ikiqat ağrılıdır. Bunun da, öz səbəbləri var. İnternet əsrində yaşasaq da, bu kimi hallarda qürbətdə yaşayan hər bir soydaşımız özü birbaşa bu hadisələrin gedişatını izləmək və haqq işimiz uğrunda arxa cəbhədə də, olsa bilavasitə iştirak etmək istəyir. Baş vermiş son dördgünlük müharibədən təsəllimiz isə bu oldu ki, nəhayət düşmən tərəfindən bizə süni şəkildə təlqin edilən məğlubiyyət sindromundan xilas olaraq, onların illərdən bəri kökləndikləri "qələbə" eyforiyasını bir andaca darmadağın etdik. Bu həm də özlüyündə onu da sübut etdi ki, şanlı ordumuz Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə hər an layiqli cavab verməyə və torpaqlarımızı işğaldan azad etməyə sözün əsl mənasında tam hazır vəziyyətdədir. Bu faktı mənfur düşmənlərimiz də, artıq etiraf etməyə məcbur olublar.


"Pakistan son hadisələrlə bağlı bəyanat verərək, Azərbaycanın yanında oduğunu rəsmən bəyan etsə də, bu ölkənin rəsmi qurumları belə bir qoşun göndərməklə bağlı bəyanatla çıxış etməmişdir”

-Cəbhə xəttindəki 4 günlük müharibə zamanı Pakistan hər zaman olduğu kimi yenə də, Azərbaycana dəstək çıxdı. Bir neçə dəfə hərbi və strateji yardımını esirgəmədiyini bildirdi. Son olay, yəni 100 min qoşun göndərmək təklifi isə Ermənistanda əməlli başlı çaxnaşmaya səbəb oldu.Bu duruma müünasibət bildirərdiz...

-Bəli, çox düzgün qeyd etdiniz ki, son baş vermiş dördgünlük müharibə zamanı Pakistan yenə də, öz siyasi kursuna sadiq qalaraq, Azərbaycana dəstək olduğunu bəyan etdi. Bildiyiniz kimi, iki ölkə arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Artıq Azərbaycan ictimaiyyətində də, hər kəsə məlumdur ki, hələ müstəqiliyimizin ilk illərindən bəri Pakistan İslam Respublikası ölkəmizə hər cür dəstək göstərib və göstərməkdədir. Əlbəttə ki, ölkəmiz də, Pakistana bacardığı qədər dəstək our. Bu qarşılıqlı münasibətlərin gücləndirilməsi və sarsılmaz dayaqlar üzərində inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın əsası qoyulmuşdur. Sonrakı illərdə isə bu münasibətlər daha da, və hərtərəfli inkişaf etmişdir ki, bu da hər bir Azərbaycan və Pakistan vətəndaşını çox sevindirir. Amma ki, burada bəzi nüanslara diqqət yetirmək lazımdır. Son günlər bəzi xəbər saytlarında və ya sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, əsassız və qeyri-səhih məlumatlar da yayılır ki, yuxarıda qeyd etdiyiniz yüzminlik qoşun məsələsi də, bu qəbildəndir. Pakistan son hadisələrlə bağlı bəyanat verərək, Azərbaycanın yanında oduğunu rəsmən bəyan etsə də, bu ölkənin rəsmi qurumları belə bir qoşun göndərməklə bağlı bəyanatla çıxış etməmişdir. Odur ki, belə məlumatları yayarkən diqqətli olmağı tövsiyə edirəm. Bu gün Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı yağı düşməndən azad etməyə tam qadirdir. Yuxarıda qeyd etdiyim kimi, son hadisələr də, bunu sübut etdi. Amma heç şübhəsiz ki, bütün bunlarla yanaşı zərurət olarsa Pakistan Azərbaycana siyasi dəstəyi ilə yanaşı hərbi yardımını da, əsirgəməyəcəyindən əminəm. Ermənistan da, Azərbaycan-Pakistan münasibətlərinin hansı səviyyədə omasından xəbərdardır və sözsüz ki, bu da hər zaman onlarda təşviş yaradır.


-Uzun zamandır ictimai işlərdəki təcrübənizə dayanaraq, sizcə bu gün xüsusən müsəlman dövlətlərində baş verən terror hadisələri ilə mübarizə aparmaq üçün İslam Dövlətləri İnformasiya Blokunun yaranmasına ehtiyac yoxdurmu?

-Çox təəssüf ki, sizin də qeyd etdiyiniz kimi müsəlman ölkələrində terror hadisələri baş verir və bu son illər daha da intensivləşib. Bilirsiniz ki, vaxtilə erməni vandalları ölkəmizdə də, bir sıra terror aktları həyata keçirmişlər. Ona görə də, həm Azərbaycan, həm də Pakistan eləcə də, bir sıra müsəlman ölkələri terrordan xeyli əziyyət çəkmişdir. Ona görə də, dediyiniz məsələ olduqca təqdirəlayiqdir və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vahid informasiya blokunun yaradılması çox gözəl olardı. Belə olduğu təqdirdə İƏT-ə üzv ölkələrin media qurumları islam ölkələri arasında doğru xəbərlərin operativ çatdırılması və dezinformasiyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərərək, daha effektiv nəticələr əldə edə bilərlər ki, bu da özlüyündə müsəlman ölkələri arasında həmrəyliyə nail omaq yolunda atılmış ciddi bir addım olar. Amma belə bir blokun yaradılması ilə yanaşı onun işləmə mexanizmini də, hazırlamaq lazımdır ki, bu da asan və tez bir zamanda başa gələn bir məsələ deyil. Çünki, İƏT-ə üzv ölkələr hələ də, bəzi sahələrdə yetərincə həmrəyliyə nail ola bilməmişlər. Lakin belə bir blokun yaradılmasına ehtiyac olduğunu düşünürəm və əgər əməli işə keçilərsə bu işdə uğur əldə ediləcəyinə optimist yanaşıram.


-Bu gün Pakistanda Azərbaycanın səlahiyyətli və fövqəladə səfiri hələ ki, rəsmi olaraq təyin olunmayıb. Bu durum Pakistanda hər hansısa bir problemə səbəb olmur ki? Ümumiyyətlə səfirin hələ də təyin olunmaması pakistanlılar tərəfindən necə qarşılanır?

-Mən sizin bu sualınıza cavab verməzdən əvvəl bir məsələyə aydınlıq gətirmək istərdim. Azərbaycanın xarici ölkələrdəki səfirləri ölkə prezidenti tərəfindən təyin olunur və onlar müəyyən müddətdən sonra rotasiya qaydasına uyğun olaraq və diplomatik xidmət müddətinin başa çatması ilə əlaqədar geri çağırılırlar. Eləcə də, ölkəmizin Pakistandakı səfiri diplomatik missiyasının başa çatması ilə əlaqədar geri çağırılmışdır. Ona görə də bu gün yeni səfirin təyin olunmaması yuxarıda qeyd etdiyim səbəblərlə əlaqədardır və sırf müvəqqəti xarakter daşıyır. Heç şübhəsiz Pakistan kimi strateji tərəfdaşımız olan bir ölkəyə cənab Prezident layiqli bir səfir təyin edəcəkdir. Bu hal müvəqqəti olduğu üçün heç bir problemə səbəb olmur və Pakistan tərəfi də, bunu normal qarşılayır. Çünki bu beynəlxalq təcrübəyə əsaslanır. Pakistan özü də, eyni qayda üzrə müəyyən müddətdən bir xaricdəki, o cümlədən Bakıdakı səfirlərini geri çağırır və rotasiya qaydasına uyğun yeni təyinatlar verir. Səfirliyimiz isə öz fəaliyyətini əvvəlki kimi davam etdirir. Yəni bu məsələdə xüsusi qaranlıq məqam axtarmağa heç bir lüzum yoxdur.


-Son iki ildə Pakistan Azərbaycan Media Forumu iki ölkə arasında media körpü rolunu oynayaraq, Pakistanda bir çox layihələr həyata keçirmişlər. Sizcə bu cür tədbirlərin keçirilməsinə dövlət dəstək verməlidirmi?

-Bəli doğru buyurursunuz ki, Pakistan-Azərbaycan Media Forumu iki ölkə arasında bir sıra layihələr həyata keçirmişlər. Bu kimi layihələrin davamlı olması zəruridir. Zənnimcə, nəinki media layihələrinə, həm də bu iki dost-qardaş ölkəni bir-birinə yaxınlaşdıracaq, münasibətlərimizi inkişaf etdirəcək hər hansı bir layihəynin həyata keçirilməsinə hər iki dövlət öz bacardığı dəstəyi verməlidir.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur