Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Tanınmış adamlardan bir çoxları gəlir yanıma...

Tanınmış adamlardan bir çoxları gəlir yanıma...

yüklənir...
Qədim sənətlərdən biri də çəkməçilikdir. Əslində bu gün gənclərin biganə yanaşdığı çəkməçilik, papaqçılıq, dərziçilik və bir neçə bunun kimi sənətlər var ki, unudulmaqdadır. 

Elə bu dəfəki müsahibimiz 35 ildir ki, bu sənətlə ailəsini dolandıran, atasının çəkməçilik sənətini davam etdirən Aqil Abdullayevdir. Hazırda Bakı şəhərində "28 May" metrosunun yaxınlığında balaca bir yeri icarəyə götürərək çörəkpulu qazanır. Mən də bir çoxları kimi onun müştərisiyəm. Təxminən üç il olar ki, tanışıq.

Aqil kişi 1964-cü ildə Cəlilabadad rayonunda anadan olub. Çəkməçilik sənətini öyrənməsini isə belə xatırlayır:

- Orta məktəbi oxuyanda həkim olmaq istəyirdim. Amma sonralar həvəsdən düşdüm. Atam Xalıq kişi rayonda tanınmış çəkməçi idi. Sonra elə atamdan bu sənəti öyrənməyə başladım. 1982-1984-ci illərdə hərbi xidmətdə oldum. Hərbi xidmətimi Moskva şəhərində keçmişəm. Orda da bizim 11 nəfərlik tağımımız var idi. Tağımda ancaq sənət bacaran əsgərlər toplanmışdı - dərzilər, çəkməçilər, rəssamlar və s. 

Ümumiyyətlə, bu sənət bizə qandan gəlib. Böyük qardaşım da çəkməçidi, Bakıda 28 May metrosunun yaxınlığında işləyir. 

Rayonda bu sənətlə dolanmaq çətin idi. Çünki rayon yeridir, bir çoxunun pulu olmur və ya ayaqqabısını təmir edirsən nisyə yazdırır... Bu da sənin axşam evə əliboş getməyinlə nəticələnir. Onları qınamıram, rayon yeridir, iş yox, güc yox neyləsin? Ona görə də 1990-cı ildə Bakı şəhərinə gəldim. Bakıda əvvəl "Sovetski" tərəfdə bir neçə çəkməçilərlə birlikdə işlədim. Bir neçə ildən sonra isə özüm icarəyə yer götürüb tək işləməyə başladım. Burada da müştərilərim olur ki, imkanı nəyə çatır onu ödəyir. İnsandı neynəsin? Hamımız ehtiyac içindəyik.

Ayaqqabı sözü ayağın qabı sözündən götürülüb. Ayaqqabı insanın ikinci ürəyidir. Bütün bədənin ağırlığı bunun üzərinə düşür və ona görə də ayaqqabı nə qədər rahat olarsa, insan yorulmaz. Ümumilikdə 35 ildir ki, bu sənətdəyəm.

- Yaxşı, çəkməçi olmaq üçün nə qədər vaxt lazımdır adama?

- Çəkməçilik sənətinin sirləri çoxdur. İbrahim peyğəmbərin özü çəkməçi olub. Kənardan baxana bu asan görünsə də, amma əslində, belə deyil. Bu sənəti öyrənmək üçün insanın özündə də bir az istedad olmalıdır. Mən özüm atamın yanında və bir də Bakıda milliyyətcə yəhudi olan bir çəkməçinin yanında üç il şagird olmuşam. Bu sənət elədir ki, işləyə-işləyə öyrənirsən. Mənim bir şagirdim var idi, iki ilə öyrəndi və indi Rusiyada çəkməçi işləyir. 

Böyük oğlumu çalışdım ki, öyrədəm, amma mənimsəyə bilmədi. İndi şirkətdə işləyir. Kiçik oğlum isə bu sənəti öyrəndi. İndi 9-cu mikrorayonda çəkməçi işləyir. İndiki gənclərdə bu sənəti öyrənməyə həvəs yoxdur. Baxırlar ki, biri xarici maşında gəzir və fikirləşirlər ki, mən niyə çəkməçi olmalıyam? Gedim böyük işlər görüm, yaxşı imkanım olsun. 

- Tanınmış adamlardan kimlər gəlir sizin yanınıza?

- Tanınmış adamlardan bir çoxları gəlir yanıma. Amma vallah, çoxunun adları yadımda qalmır. O gün bir şair var idi gəlmişdi. Adını dedi, unutdum. 

Çətindi, oturaq sənətdir. Ayaq üstə işləmək mümkün deyil. Gərək oturub işləyəsən. Bu da ayaqlara çox ziyandır. Gündə 8 saat işləyirəm. Ona görə səhərlər çıxıb gəzirəm. Elə burada iş vaxtdır da. Gündə bir neçə dəfə çıxıb ətrafda gəzirəm ki, ayaqlarım açılsın. Buranı icarəyə götürmüşəm, həftənin bütün günləri burada oluram. 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur