Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Boynuma alıram ki, xəyanət etmişəm..." - Ulvira etiraf etdi

yüklənir...
"Bəzən boşanmaq sağqalma deməkdir, həyata qayıtmaq deməkdir, bəzən isə illərlə depressiya yaşadan səbəb”.

Teleaparıcı Ulvira Qarayevanın müsahibəsini təqdim edirik:

– Ulvira xanım, yadınızdadır, 3 il əvvəl sizdən müsahibə almışdım.

– Hə... (gülür)

– Birinci sual belə idi ki, niyə bu qədər kompleksizsiniz, elə bil dünya vecinizə deyil...

– Doğrudan bivec görünürəm? 

– Elə təəssürat yaradırsınız, özünüz hiss eləmirsiniz ki?

– Hə, sən axı məni canlı görmüsən... 

– Heç ağlaya bilirsiniz?

– Arada ağlayıram, tez-tez kövrəlirəm. Onda ürəyim yumşalır, pilə kimi olur, təzələnirəm. 

– Sizi nə kövrəldir?

– Çox boş şeylərə doluxsunuram.

– Heç olub ki, kimdənsə ötrü ağlamısınız, üstündən zaman keçəndən sonra özünüzə gülmüsünüz ki, gör kimə görə ağlamışam...

– Düzünü deyim ki, yox, gülməyim gəlməyib, amma o hisslərimə şirin-şirin gülümsəmişəm, demişəm nə yaxşı ki, olub. Hər adam ağlada bilmir axı.

– Naz eləməyi xoşlayırsınız? 

– Naz eləmək üçün o adamı gərək nə qədər istəyəm!

– Soruşmaq ayıb olmasın, hazırda nazınızı kim çəkir?

– Axı yoxdur, kimi deyim?! (gülür)

– Ulvira xanım, deyirlər, qadının gücü göz yaşındadır. Göz yaşı qadının əsas silahıdır...

– Kim elə şey deyib?! Göz yaşı güc deyil, qadının əl atdığı son silahdır.

– Heç göz yaşından son silah kimi istifadə eləmisiniz?

– Təbii...

– Heç olmasa güllə hədəfə dəyibmi? 

– Qırğını gözündən vurmuşam. (gülür)

– Görəsən, bir qadının axıra kimi tək yaşaması mümkündürmü? 

– Axıra kimi deyəndə nəyi nəzərdə tutursan ki? 

– Yəni üzü qoz ləpəsinə oxşayana kimi...

– Ən önəmlisi odur ki, üzü qoz ləpəsinə oxşayanda yanında üzünə baxabiləcək ürəkli bir kişi olsun. Qadın tək qalmamalıdır. Qala bilməz, heç ixtiyarı da yoxdur.

– Keçən dəfə demişdiniz ki, ideal kişi yoxdur...

– Hə, doğrudan, elədir... 

– Bəs gənc qızlara nə məsləhət görürürsünüz, onlar ağıllı kişiləri sevib dəli eləsinlər, yoxsa dəli kişiləri sevib ağıllandırsınlar? 

– Mən kimlərəsə məsləhət görmək durumunda deyiləm. Çünki gənc qızlar çox ağıllıdılar, özləri seçə bilirlər.

– Yeri gəlmişkən, "Təhminə”dəki Təhminə cəmiyyətin qəbul eləmədiyi qadın idi, yəni o, cəmiyyətdə mövcud olmayan bir mərtəbə sayılırdı. Sizin Təhminələrə münasibətiniz necədir?

– O Təhminə çoxdan keçmişdə qalıb, indi yeni Təhminələr var. Təhminələr yenilikçi qadınlardır, sabaha aparan qadınlardır. Qadının funksiyası elə budur.

– Nə?

– Sabaha aparmaq.

– Deyirlər, gözəllik ondur, doqquzu dondur. Görəsən, sizin gözəlliyinizin neçəsi dondur?

– Məncə, əlli əlliyədir...

– Demişdiniz ki, vəhşi kişilərdən xoşum gəlir... Yenə? 

– Həmişə...

– Məsələn, bir vəhşi kişi obrazı deyin, söhbətin əslində, nədən getdiyini anlayaq. 

– Keçən dəfə səninlə müsahibədə deyəndə ki, vəhşi kişilərdən xoşum gəlir, insanın həyatı dopdolu yaşamağını nəzərdə tuturdum. Doymadan, dolu-dolu yaşamaq gözəldir. Hər şeydən - işindən, dostlarından, əyləncədən, istirahətdən, pul qazanmaqdan, xərcləməkdən, ailəsindən zövq almağı bacaran kişilərdən söhbət gedir. Zövq önəmli nöqtədir. 

– Nümunə...

– Vallah, konkret nümunə yoxdur... 

– Tanınmış qadın olmağın ziyanı çoxdur, yoxsa xeyiri? 

– Tanınmış olmaq sadəcə, mənim işimin digər üzüdür, vəssalam. Bu, nə yaxşıdır, nə də pis, sadəcə belədir.

– Ulvira xanım, sizcə, Azərbaycanda niyə adam kimi boşanmaq olmur? Dostcasına, mehriban...

– Emosional xalqıq, böyük əksəriyyət üçün də boşanma yeni mövzudur, bir çoxununsa nəslində ilkdir. Boşanmalar çoxalıb, adi hala dönsə, soyuqqanlılıqla yanaşarıq.

– Adamlara boşanmağı məsləhət görürsünüz? 

– Bəzən boşanmaq sağqalma deməkdir, həyata qayıtmaq deməkdir, bəzən isə illərlə depressiya yaşadan səbəb. Əsas odur, yaşanan bütün dəliliklər, stresslər, sevgilər, gözyaşları adamı içdən sındırmasın. Həyatda hər şeydən önəmli sağ qalmaqdır.

– Dostoyevskinin bir fikri var: "Əzizim, mən sənə fikrimdə də xəyanət eləməmişəm”. Sizcə, kişinin və yaxud qadının fikrən də olsa, xəyanət etməməsi mümkündür?

– Yox! İnsan poliqamdır.

– Siz necə, xəyanət etmisinizmi? 

– Qızımla mən çoxlu-çoxlu danışırıq. Bir dəfə düşündüm ki, ən əsas şeyi ona deməmişəm. Bəzən cəmiyyətin təsirindən, yaxud da öz xeyrini güdərək, yaxud da bir fərdin təsirindən istəmədiyin, sənə təbiətən yad olan, amma həmin anda istəyirəm dediyin bir hərəkət eləyirsən, amma rahat olmursan. Eləyə-eləyə sevinirsən də bəlkə, amma elə bil daxildən nəsə qurcuxur, kimsə içində sifət turşudur. Bax, daxili səsindir bu. Onu adam yerinə qoymaq vacibdir, o, səhv eləməyə imkan vermir, sadəcə gərək səsini basdırmayasan, eşidəsən və dinləyəsən. Bunu dedim qızıma, vaxtaşırı da yadına salıram. Mən bütün səhvlərimi o səsi basdıranda eləmişəm. Etiraf edirəm ki, o səsi basdıranda özümə xəyanət eləmişəm.

– İstərdiniz qızınız da özünüz kimi olsun? Xarakter, düşüncə, həyat tərzi...

– Mənim kimi ola bilməz...

– Niyə ki?

– Çünki onun materialı çox daha incə naxışlıdır, yenidir, möhkəmdir. Qızım yeni insandır. Mən sadəcə onun uçuş zolağıyam, mənə söykənib, qanadlanır.

– Deyəsən, sizi yaşadan, həyatı gözünüzdə əhəmiyyətli eləyən elə qızınızdır... 

– Ailəm 3 nəfərdən ibarətdir: anam, qızım və mən. Ailəm həyatımı əhəmiyyətli edir, işim də maraqlır...

– Qızınızı hansı sənət sahibi kimi görmək istəyirsiniz?

– Mən istəyirəm həkim olsun, özü də bunu istəyir. Cəmiyyət üçün ən dəyərli peşələrdən biri həkimlikdir, həkim vazkeçilməzdir.

– Adətən, xanımlar bəzək əşyalarının vurğunu olurlar. Heç qiymətli əşyalarla sınağa çəkilmisiniz?

– Mənə qiymətli əşyalar verən olub, amma bu, sınaq deyildi.

– ANS-də işləyirsiniz. Amma şirkətin bəzi işçiləri kimi sosial şəbəkələrdə, mətbuatda canfəşanlıqla iş yerinizi müdafiə eləmirsiniz... Bu, düşünülmüşdür?

– ANS-ə nə olub ki, mən onun mövqeyini müdafiə edim? Maşallahımız var, yaxşı layihələr işləyirik. ANS-in mənim müdafiəmə ehtiyacı yoxdur, məndən tələb etdiyi yeganə şey keyfiyyətli işdir, vəssalam.

– ANS-ə heç nə olmayıb. Sadəcə, bir ara müəyyən problemlər yaşadı, bu ərəfədə gedən söz-söhbətləri nəzərdə tuturam.

– Biz problemlərə alışmışıq. ANS döyüş şəraitində yaranıb, ölkənin çətin vaxtlarında xəbər uğrunda savaş verib. ANS-in mənə ehtiyacı olanda, yanında olmuşam. Bu, göstəriş üçün deyil, şirkətin daxilidir. Mənim kimi çox ANS əməkdaşı problem olanda səssiz-səmirsiz şirkətinin yanında olub, onların heç adını da bilmirlər, onlar efirdə görünmür, texniki işçisi, xadiməsi, arxiv işçisi, operatoru gecə vaxtı evindən çıxıb gəlib işə. Heç hara da səs-küy salmayıblar, statuslar paylaşmayıblar, bu barədə müsahibə verməyiblər. Sadəcə, yerlərini tutublar, lazım olanı eləyiblər. Normal olan budur. 

Əksinə də olub, amma ANS heç nəyə baxmayaraq öz işçisinin arxasında dayanıb, onu tək qoymayıb, həmçinin bəzən cəmiyyət istənilən ictimai fiqura hücum edəndə, onu qoruyub, arxasında dağ olub. ANS qorumağı bacarır.

– Ulvira xanım, gözəl danışırsınız, bir sual da verim, söhbətimiz yekunlaşsın.

– Buyur... 

– Yəqin bilirsiniz ki, Nobel Sülh Mükafatı 17 yaşlı Pakistanlı qıza verildi. 

– Hə, bilirəm... 

– Bu mükafat Azərbaycanda hansı qadına verilsə ürəyinizcə olar? Məncə, elə sizə verilsə gözəl olar. 

– Əsas odur ki, azərbaycanlıya verilsin, qalanı önəmli deyil...

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur