Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Prezidentin bu addımı Emin Millidə ciddi dönüş yaratdı”

“Prezidentin bu addımı Emin Millidə ciddi dönüş yaratdı”

yüklənir...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının "Qafqazinfo”ya müsahibəsi:

- Əvvəlcə, sizin bir müddət əvvəl sinif yoldaşınıza bıçaqla xəsarət yetirməyiniz barədə verdiyiniz açıqlamadan başlayaq. Bu hərəkətiniz zorakılıq kimi qiymətləndirildi və müzakirə olundu. Bununla bağlı nə deyə bilərsiniz?

- O, mənim zorakılığım deyildi. Mənə qarşı edilən zorakılığa göstərdiyim reaksiya idi. Aktiv olmaq uşaqlıq və yeniyetməlik dövründə bütün oğlanlara xas olan həyat tərzidir. Mən də elə olmuşam. Elə uşaq olmamışam ki, hər yetən başıma qapaz vursun. Özümü hər zaman müdafiə etməyə çalışmışam. Heç zaman haqsızlığa dözməmişəm. O hadisə olanda da mənim gücüm sinif yoldaşıma çatmadı, yerdə bir tiyə var idi, götürdüm ona vurdum. Qışqırdı, getdi. Etiraf edim ki, mən döyülməyi xoşlamıram. 

- Bəs bu yaşda necə, güc nümayiş etdirə bilərsiniz?

- Hər hansı fiziki, psixoloji təzyiqə məruz qalmaq tərəfimdən ləyaqətin tapdalanması kimi başa düşülür. Xatırlamıram ki, bu yaşıma kimi kiminsə ləyaqətinə toxunum. Məndə nə olubsa adekvat olub, mənə toxunana cavabını vermişəm. O zaman dözülməz olmuşam və oluram ki, kimsə ləyaqətimə toxunur.

- Qeyd edirsiniz ki, haqsızlığa dözmürsünüz. Söhbət şəxsinizə qarşı haqsızlıqdan gedir. Bəs cəmiyyətdə baş verənlərə necə? 

- Bu, mümkün deyil. Əgər kiminsə gözümün önündə ləyaqəti tapdalanırsa, birmənalı şəkildə onu müdafiə edəcəm. 

- Bu faktorlara görəmi, sizi kriminal avtoritetlərə yaxın insan hesab edirlər? 

- Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. O aləmdə olmaq və onlara hər hansı rəğbət bəsləmək mənlik deyil. Mənim həyat tərzimlə onların dünyası tam ziddiyyət təşkil edir. Hər hansı haqsızlıqla barışmıramsa, bu, o demək deyil ki, mənim kriminal aləmlə bağlılığım var. İstərdim ki, belə başa düşülməsin.

- Hiss edirəm ki, yorğunsunuz, bir müddət əvvəl keçirdiyiniz xəstəliyin bu yorğunluğunuza təsiri var?

- Xəstəliyimlə bağlı deyil, özümü doğrudan da yaxşı hiss edirəm. 2 il əvvəl səhhətimdə ciddi problemlər yarandı. Sağ olsun, dostlarım və dövlətim məni tək buraxmadı. Ancaq yorğunluq var. Əgər səhər saat 7-də oyanıb axşam 12-yə kimi fəal həyat mövqeyi tutursansa bu, istər-istəməz insanlarda yorğunluq yaradır. Saat 7-də həyət-bacada işləmişəm. Artıq bu saata kimi 4 vətəndaşı qəbul etmişəm.  Həmin 4 nəfərin 3-ü bütün mənfi emosiyalarını mənə yükləyib getdi. Elə problemlər var ki, onların həlli çətindir. Kimsə vaxtilə torpaq alıb, ancaq onu vaxtında özəlləşdirməyib. Başqası da həmin torpağa sərəncam alıb. Məhkəmələrdə udub. Vətəndaş istəyir ki, ona kömək edim, amma ona kömək etmək imkanım yoxdur. Bundan əlavə, müxtəlif qayğılar çoxdur. Dövlət, ailə, bacı-qardaş qayğıları var. 

- Rusiyada yaşayan həmyerlimiz Fuad Abbasovun saxlanılması və ona müəyyən işgəncələr verilməsi ilə bağlı nə deyə bilərsiniz? Onun müdafiəsinə qoşula bilərsinizmi?

- Fuad Abbasovu şəxsən tanımıram. Ancaq onun fəaliyyətini yüksək qiymətləndirirəm. O, əsl Azərbaycan övladı kimi iradəsini heç nədən çəkinmədən ortaya qoyub və haqlı mübarizəsini aparıb. Tamamilə əminəm ki, nə deportasiyalar, nə də təcrid olunması onu haqlı əməlindən döndərməyəcək. Etiraf edim ki, ona simpatiyam var. Onun bu fəallığı Moskvada kifayət qədər olan erməni diasporunu və onları müdafiə edənləri qane edə bilməzdi. Buna görə təəssüf hissi keçirirəm. Düşünürəm ki, Rusiya bunu etməli deyildi. 

- Ötən iclasda həmkarınız Tahir Kərimli yenə sərt çıxışlarından birini etdi. Bildirdi ki, əgər torpaqlarımızı işğaldan azad etməyə bizə kim mane olursa, konkret onun adı çəkilməlidir. Biz bu problemi gələcək nəsillərin üstünə atmamalıyıq və tez zamanda müharibə yoluyla torpaqlarımızı azad etməliyik. Siz necə düşünürsünüz? 

- Mənə elə gəlir ki, bu günə qədər işğal edilmiş torpaqlarımızın azad edilməməsinə ATƏT-in Minsk qrupunun həmsədrləri mane olur. Bunlar işğala məruz qalan ölkə ilə işğal edən ölkə arasında bərabərlik işarəsi qoyurlar və söyləyirlər ki, gedin razılığa gəlin və o razılaşmanı müdafiə edəcəyik. Ermənistana qarşı təzyiq yox, başsığallaması taktikası həyata keçirirlər. Əgər dünya miqyasında Ermənistana sanksiya tətbiq olunsaydı, qoşunlarını ərazilərimizdən çıxarmaq tapşırıqları verilsəydi, Ermənistan bir gün də Azərbaycanın torpaqlarında qala bilməzdi. Onlar kənara çəkilsə, torpaqlarımızı azad etməyə 1 həftə,10 gün bəs edər. 

- Paşinyanın Şuşada göstərdiyi nümayişi, rəqsini görüb hansı hisslər keçirdiniz?

- Mən həmin videonu açdım və dərhal bağladım. Bu, mənim üçün ağır, düşüncələrimi alt-üst edən və bütün iç dünyamı məhv edən vəziyyət idi. İnanın, bu yaşımda belə onlara böyük qəzəbim var. Unutmayın ki, mənim nəsil-kökümün, ulu babamın hamısı Zəngəzurda yaşayan və orada ad-san sahibi olan insanlar olub. Körpəliyimi, yeniyetməliyimi keçirdiyim Şıxlar kəndi bu gün də gecələr yuxularımdadır. Hər zaman gözləyirəm ki, nə zaman ora gedəcəm? Ona görə də şuşalıları tam başa düşürəm. Paşinyana, Ermənistanın bütün siyasi elitasına, Azərbaycanın torpaqlarını işğal edən hər bir vətəndaşına böyük nifrətim var. Ona görə də biz ermənilərə tarixi dərs verməliyik. Bu da sülhlə, danışıqlarla olası şey deyil. Bu, Silahlı Qüvvələrimizin, Prezidentimizin əli ilə olmalıdır. Bu gün ona imkan da var. 

- Eyni zamanda, bu tərəfdən də xalqları sülhə hazırlamaq prosesinin həyata keçirildiyi müşahidə edilir...

- Biz torpaqlarımızı işğaldan azad etmədən xalqları sülhə hazırlamaq prosesindən danışa bilmərik. Sülh üçün birinci Ermənistan işğal edilmiş torpaqlarımızdan rədd olub getməlidir. 

- Emin Millinin son günlər Azərbaycan hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibətiniz necədir? 

- Mən onun etiraflarını yüksək dəyərləndirirəm. Ölkə prezidentinin Novruz bayramı ərəfəsində bir qrup məhbusu azad etməsi Emin Millinin fikirlərində ciddi dönüş yaratdı. Dərhal bu hadisəylə bağlı öz fikrini paylaşdı və hərəkətlərində dəyişiklik olduğunu nümayiş etdirdi. Son olaraq da Azərbaycan xalqından, ölkə prezidentindən də müxalifətin bəzi nümayəndələrindən də üzr istəməyə hazır olduğunu dilə gətirdi. O, bunları səmimi şəkildə etiraf edir, amma ona qarşı nə qədər çirkab var. Bu cür təzyiqlər qəbuledilən deyil. 

- Avropa İttifaqı ilə sazişin imzalanmamasına mane olan müddəalar nədir? Bu il ərzində sizcə, saziş imzalana bilərmi?

- Məndə olan məlumata görə, bütün paraqraflar üzrə demək olar ki, razılıq əldə edilib. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı hər hansı problem yoxdur. Bu, sazişdə də yəqin öz əksini tapacaqdır. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Mənə elə gəlir ki, müəyyən iqtisadi, ticari məsələlərdə fikir ayrılıqları var. Bunlar da prinsipial məsələlər deyil. 

- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bir neçə dəfə müsahibələrində vurğulayır ki, bu il növbədənkənar parlament seçkiləri keçiriləcək. Sizdə belə bir mesajlar varmı? 

- Mənə elə gəlir ki, seçki gözlənilmir. Həm də nə baş verib ki, vaxtından əvvəl seçki keçirilsin? Seçkilərin keçirilməsinə 1 il 4 ay vaxt qalıb. Ona görə Əli müəllimə deyirəm ki, tələsməsin və 2020- ci ilə hazırlaşsın. 

- Siz növbəti dəfə də seçkiyə qatılacaqsınız? 

- Parlament seçkilərində iştirak etmək təkcə şəxsi düşüncə ilə müəyyən olunmalı deyil. 

- Kənara çəkilib digər partiya üzvlərinə imkan tanıya bilməzsiniz?

- Digər amillər də var axı. Ölkədə gedən proseslər sənə imkan verəcəkmi ki, sən kənarda qalasan? Sən buna hazırsanmı? Hiss etsəm ki, mənə ehtiyac yoxdur, onda təbii ki, kənara çəkilə bilərəm. Amma hələlik yük deyiləm. Gedib parlamentdə oturub əlini qulağının dibinə qoyub qanunların qəbuluna hə və ya yox deməklə kifayətlənmək istəyində deyiləm. Xalqın çətin günündə orda deyiləmsə, bəs mən bunu özümə necə bağışlaya bilərəm? Bununla özümün ideyalarına, tərcümeyi -halıma xəyanət etmirəmmi?! 

- Ancaq bu da bildirilir ki, indiki parlamentin əsas tərkibi dövrün tələblərinə cavab verə bilmir. Orada oturanlar aktiv deyillər, hadisələrə anındaca reaksiya verə bilmirlər. Öz biznesləri ilə məşğuldurlar. Ona görə parlament gəncləşməli, orada intellektual simalar seçilərək təmsil olunmalıdır... 

- Mən də o fikirdəyəm ki, qarşıdan gələn parlament seçkilərində dediyiniz keyfiyyətləri özündə birləşdirən, bütün ruhu ilə dövlətçiliyə bağlı olan yüksək intellektli insanlar iştirak etsin.

Günel Türksoy

Fotolar-Video: Pərvin Zeynal

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur