Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Qoy ailəm və sevdiyim qız məndən inciməsin...” – ÖN XƏTDƏN MÜSAHİBƏ (FOTOLAR)

“Qoy ailəm və sevdiyim qız məndən inciməsin...” – ÖN XƏTDƏN MÜSAHİBƏ (FOTOLAR)

yüklənir...
Qarabağ münaqişəsi başlayanadan indiyə qədər Ermənistan istiqamətindən atəşkəsin ən çox pozulduğu bölgələrdən biri də Tovuz bölgəsidir. Ermənistan ordusunun Berd rayonu istiqamətindən dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutması və kənd sakinlərinin ziyan görməsi, bizi bu istiqamətdə yerləşən ordu bölmələrimizin vəziyyətini, o cümlədən atdığı addımlarını birbaş görməyə sövq etdi. 

Budəfəki müsahibimiz bu istiqamətdə xidmət aparan, ordumuzun zabiti "R.İ"dir. 

- Ən ucqar bir nöqtədəsiniz. Bəzən təbiətin şıltaqlığı günlərlə davam edir. Bu cür havada xidmət aparmaq əsgərimizi sıxmır ki? 


- Yox, əsla. Gördüyünüz kimi, istehkamlar, səngərin içi ən yüksək səviyyədədir. 90 -cı illərlə müqayisədə ön xəttdə çox şeylər inkişaf edib. Postlarımızın hamısında işıq var. Şəxsi heyət istirahət vaxtını səmərəli keçirsin deyə müasir televizorla, müxtəlif stolüstü oyun avadanlıqlar ilə və idman avadanlıqları ilə təhciz edilib. Burada şəxsi heyətin heç bir çətinliyi yoxdur. Əsgərin xidmət zamanı bütün rahatçılığı elə təmin edilib ki, o yalnız xidmətini düşünsün və bundan başqa heç bir qayğısı olmasın. Əsgərlərimizdə əhval-ruhiyyə yüksək səviyyədədir. Ordumuzda bu son vaxtlar yaradılan şərait, texnika, ən əsası yaşayış şəraiti, təminat yüksək səviyyədədir. Qeyd edim ki, bu təminat düşmən tərəflə müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədədir. 

- Yeri gəlmişkən, xidmət saatlarında düşmənin hansı fəaliyyətləri daha çox müşahidə olunur? 

- Biz buradan düşmənin yaşayış məntəqəsini və həmin istiqamətdə mövqelərimizə yaxın olan postlarını tam nəzarətdə saxlayırıq. Burada relyef dağlıq ərazi olduğu üçün, düşmən texnikasının hərəkəti mümkün deyil. Sadəcə olaraq, düşmənin bu istiqmətdə canlı qüvvəsinin hərəkətini daim nəzarətdə saxlaya bilirik. 

- Çox zaman erməni KİV-lərində düşmən əsgərlərinin fərarilik hallarının çoxalmasından yazırlar. Bu halı müqayisə edək. Fərq nə qədər özünü göstərir? 

- Bu gün, çox şükürlər olsun ki, bizim orduda fərarilik və ya çağırışdan yayınma halları təmamilə sıfıra enib. Ümumiyyətlə, bu cür hallara rast gəlməzsiniz. Düşmən tərəfə gəldikdə isə bunun üçün, nə saytların, nə xəbər portallarının, nə də əsgər ailələrinin etirazını izləməyə gərək yoxdur. Bunu elə müşahidələrimiz zamanı da açıq-aydın görmək mümkün olur. Ümumiyyətlə ermənilərin postlarında adətən yaşlı və orta yaşlı adamlar çoxluq təşkil edir. Gənclərə gəlincə bu az saydadır. Elə bu halın özü vəziyyətin nə yerdə olduğundan xəbər verir. Amma bizdə vəziyyət təmamilə fərqlidir. Əgər əvvəllər əsgər postdan gələndən sonra gedib hansısa ehtiyacını ödəməklə, su, odun gətirməklə məşğul olurdusa, siz bu gün bunu görə bilməzsiniz. İndi bizim əsgərlərin bir vəzifəsi var, o da yalnız hərbi xidmətini yerinə yetirməkdən ibarətdir. 


- Düşmənin yaşayış məntəqələrində mülki əhalisi arasında vəziyyət necədir? Nə müşahidə edirsiniz? 

- Doğrudur, kəndlərində son iki il öncəki kimi, canlanma hiss edilmir. Əgər əvvəllər camaat təsərrüfat işləri ilə daha çox məşğul olurdusa, indi bu hal demək olar ki, az aparılır. O gördüyünüz yerlər əvvəllər ermənilərin taxıl sahələri idi. İndi diqqət edirsiniz, böyük bir ərazidə artıq əkin işləri aparılmır. Bu da kənddəki sakinlərin azlığından xəbər verir. Açığı bu hal aprel döyüşlərindən sonra daha çox müşhidə edilir.

Ön xəttdə komandirlə olan müsahibəmizi qurtarıb, geri dönürük. Səngərdə komandirə əsgərlərin birindən müsahibə müsahibə götürmək niyyətimi bildirdim. Komandir sanki buna hazırmış kimi, istənilən biri ilə söhbətləşə bilərsiniz deyə cavab verdi. Növbədən yeni gələn əsgərlərimizdən birinə yaxınlaşırıq... 

Əsgər, Bəhruz Məsimov Qəbələ rayonunun Əmirvan kəndindəndir. Artıq 11 aydır ki, hərbi xidmətdədir. Özünün dediyinə görə çox danışmağı sevmir. Çünki, onun fikrinə görə danışmaqdansa əməli iş görmək daha əlverişlidir. Amma ən azından xidməti haqqında öz təssüratlarını bizimlə bölüşməsini israr etdik. 

- Bəhruz, hərbi xidmətə gələrkən bu mövqedə xidmət keçəcəyini biləndə hansı hisslər keçirdin? 


- Mənim atam da Qarabağ döyüşlərinin iştirakçısı olub. Bir neçə ay xidmət etdikdən sonra səhhəti ilə bağlı olaraq xidmətini məcburi dayandırdı. Xidmət keçdiyi müddətdə bir neçə döyüşlərdə iştirak edib. Hərdən milli orduda olan xatirələrindən danışırdı. Qarabağda ermənilərin dinc sakinlərə qarşı etdikləri zülm və işgəncələrdən sonra orduya yazıldığını deyirdi. Sona kimi xidmətini davam etdirə bilmədiyi üçün çox əsəbləşirdi. Atamın bu cür davranışları məndə düşməni yaxından tanıma və onları görmək marağını yaratmışdı. Burada xidmət edəcəyimi eşidəndə çox sevindim. Nə yaxşı oldu ki, xalqımın düşmənini, Vətənimə uzanan qara əllərin sahibini görmək nəsib olacaq deyə düşüncəsiylə çox sevinirdim. Bu gün onların vaxtaşırı etdikləri təxribatçı fəaliyyətlərin yaxından şahidi oluram. Hər bu cür əməllərdə isə atamın dediyi sözlər qulağımda əks-səda verir. Yer üzündə onlar kimi, qana susayan ikinci bir xalq yoxdur. 

- Düşünürəm ki, bu cür hisslərlə xidmət aparmaq səni daha da güclü edir. Ailən üçün darıxırsanmı? 

- Düzü hər zaman anam, atam, bacım və sevgilimi çox istədiyimi, onlarsız həyatımın bir anının olmayacağı düşüncəsində idim. Amma, bu müddət ərzində ürəyimdə bir sevgi var ki, o sevgilərin ən alisidir. Qoy ailəm və sevdiyim qız məndən inciməsin. İlk olaraq Vərən sevgisi, sonra ailə sevgisi... Ailəmin olması üçün Vətənimin olması şərtdir. Vətənin də qorunması bizim borcumuzdur. 

Daşqın Güneyli
Foto: Elvin Abdulla
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur