Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Partiya sədri üsyan etdi:

Partiya sədri üsyan etdi: "47 milyard manat pul ayrılıb, amma bu sahədən büdcəyə bir qəpik pul gəlmir" - Müsahibə

yüklənir...
Politika.Az-ın müsahibi ADP lideri Sərdar Cəlaloğludur. Sərdar bəylə söhbətimizdə ölkənin sosial-iqtisadi durumuna aid bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq:

- Sərdar bəy, böyük bir siyasi qüvvəni təmsil edirsiz, insanların sosial durumu heç şübhəsiz sizə də bələddir. Necə dəyərləndirirsiz durumu?

- Hökumət uzun müddət süni yollarla manatın kursunu sabit saxlamağa çalışdı. İndi artıq görürlər ki, bu mümkün deyil, manat özünün təbii dəyərinə doğru gedir. Bu isə iqtisadi proseslərin birdən-birə dəyişməsi, ölkədə iqtisadi çöküşün, xaosun yaranması ilə nəticələnəcək. Xüsusilə üzən məzənnəyə keçid nəzarətolunmayan xaotik vəziyyətə gətirib çıxaracaq. Bunun arxasında çox ciddi sosial problemlər meydana çıxacaq. Mən belə düşünürəm ki, Azərbaycanda vəziyyət olduqca kritikdir. Əgər hakimiyyət ciddi bir siyasət aparmasa ölkədə çox kəskin sosial-iqtisadi proseslər baş verəcək.

- Tarif Şurasının son qərarları bu vəziyyətin kəskinləşməsinə nə dərəcədə təsir göstərəcək?

- Əvvəla, Azərbaycanda manatın dəyərinin itirilməsi onsuz da bahalaşma yaradır. Biz onsuz da pulun dəyərinin itməsi fonunda artıq pullar ödəyirik. Tarif Şurasının qiymətləri qaldırması isə özbaşınalıq və düşünülməmiş qərardan başqa bir şey deyil. Bahalaşma zatən var idi. Bübüt iqtisadi çətinlikləri vətəndaşların üzərinə qoymaq, dövlətin heç bir xərci öz üzərinə götürməməsi, korrupsiyanın, dağıntıların davam etməsi xalqı günahı olmayan bir şeyə görə cəzalandırmaqdır. O başqa məsələdir ki, doğrudan da obyektiv səbəblərdən qlobal bir iqtisadi böharının, müharibənin, yaxud xarici ölkələrin təzyiqindən yaranan çətinlik olarsa onda hökumətin fiskal təzyiqi artırmasına heç kim heç nə deyə bilməzdi, əksinə biz özümüz də tələb edərdik ki, xalq dövlətinə sahib çıxsın. Məsələn, bu gün Türkiyədə ciddi bir basqı olan kimi xalq başlayır dövlətə dəstək verməyə. Amma bir qrup adam dövləti dağıdacaq, dövlətin bütün əmlakını, yüz milyardlarla vəsaiti oğurlayıb özünə xərcləyəcək, Azərbaycan xalqı onsuz da ağır bir durumda ola-ola dövlətin də problemini çiyninə götürəsi deyil ki. Bu ağırlığı götürməyə xalqın gücü yoxdur. Bu cürə yükləmək olmaz ki, insanlar məhv olsun getsin. Faktiki olaraq bu gün iqtidarın apardığı siyasət beynəlxalq hüquqda genosid adlanır. BMT-nin genosid haqqında qətnaməsinə görə, ağır sosial-iqtisadi siyasət özü də genosidin bir formasıdır. Çünki bu vəziyyətdə insanlar evlənə, ailə qura bilmir, uşağını saxlaya bilmir. Məsələn, hökumətin özünün rəsmi statistikasına görə, evlənənlərin sayı azalıb, boşanmalar artıb, doğum da həmçinin azalıb. Bu da millətin genofondunun məhv olması deməkdir. Nə fərqi var, ya əlinə silah götür adamları öldür, ya da onun dünyaya uşaq gətirməsinin qarşısını al, ikisi də genosiddir. İndiki halda sosial-iqtisadi vəziyyət genosid effekti verir, hökumət bunu başa düşməlidir. 

- Ölkədə bir-birinin ardından baş verən devalvasiyalardan sonra ortaya çıxan ciddi problemlərdən biri də dollar kreditləri ilə bağlı oldu. Hamı gözlədi ki, hansısa güzəştlər ediləcək, insanlara yardım olacaq, amma olmadı...

- Bilirsiz necədi, adam bataqlığa düşəndə çabalamaz, çünki çabaladıqca batar. Azərbaycan hökuməti bu dəqiqə özünün yaratdığı sosial-iqtisadi bataqlıqdadır, hansı addımı atsa batacaq. İstəyir kredit siyasətində, istəyir qiymət siyasətində müsbət nəticə əldə edə bilməyəcəklər. Çünki bu dəyişilmə vaxtı artıq uduzulub. Biz vaxtında deyəndə ki, qeyri-neft sektoru inkişaf etdirilsin, yeyintinin qarşısı alınsın, böhran olsa dövlət batacaq. Mütləq gərək böhran gələrdi, ölkə diz üstə çökəydi, sonra hökumət inanaydı ki, biz qərəzli deyilik, obyektiv deyirik sözümüzü. Götürün baxın, görün, biz Azərbaycanın bu vəziyyətə gələcəyini nə vaxt demişik. Deyirlər 1 milyon iş yeri açmışıq, necə açmısız ki, bir dənə zavod yox, fabrik yox? 

Elan edilir ki, kənd təsərrüfatına 47 milyard manat pul ayrılıb, amma bu sahədən büdcəyə bir qəpik pul gəlmir. Yaxşı qazanc gəlmədi, bəs 47 milyard hara getdi? ABŞ kimi güclü bir dövlət Azərbaycanda olan kimi dağıdıcılığa məruz qalsaydı çoxdan süqut eləmişdi. Rusiyanın özündə hətta belə dağıdıcılıq olsaydı Rusiya indi çıxmışdı siyasi səhnədən. Bunun qabağında dövlət dayana bilməzdi. İndi görün bundan sonra nələr olacaq Azərbaycanda.

Azərbaycanda elə oliqarx, komitə sədri, nazir, nazir müavini, nə bilim, Prezident Administrasiyasının şöbə müdiri, icra başçısı var ki, dövlət büdcəsinə büdcədən də çox xeyir verə bilər. Oğurlayıb yığıb, qaytarsın da geri. İlham Əliyev bu oğurlananların ən azı 30-40 faizini geri ala bilsə, Azərbaycan 20 il normal vəziyyətdə qala bilər və ölkədə ciddi sosial narazılıq olmaz. Biz bunu deyirik, amma heç kim eləmir. Xalqın pulu yoxdur ki, ondan nəsə alasan. Pulu olanlar dağıtmaqda, pulunun üstünə pul gətirməkdə davam edir. Əgər doğrudan da bu adamlar üçün hakimiyyət qiymətlidirsə, hakimiyyətdə qalmaq istəyirlərsə qoy oğurladıqlarının bir hissəsini qaytarsınlar, ölkəni vəziyyətdən çıxartsınlar. 

- Bir zamanlar bu cür hallarda müxalifət etiraz aksiyaları keçirirdi, insanları etiraza səsləyirdi. İndi yoxdu belə çağırışlar da, aksiyalar da. 

- Ölkəni bu vəziyyətdən çıxarmaq müxalifətin vəzifəsi deyil. Müxalifət bu cür durumlardan istifadə edib hakimiyyət davası apara, hakimiyyətə gələ bilər. Bütün dünyada ağır sosial-iqtisadi vəziyyətlə mübarizə həmkarlar təşkilatlarının vəzifəsidir. Biz yalnız tənqid edə bilərik ki, hakimiyyət yaxşı idarə edə bilmir və s. biz bunu edirik. Amma siz dediyiniz kimi, Azərbaycan müxalifəti uzun illər yanlış olaraq – həmkarlar olmadığına görə, xalq özü passiv olduğuna görə - bu öhdəliyi üzərimizə götürdüyümüz üçün bu gün də bizdən gözləntilər var. Amma bizim həmkarlardan bir fərqimiz var, onlar işləyən və fiskal təzyiqlərə məruz qalan insanlarla bilavasitə təmasda olur, onların üzvü sayılır bu insanlar, bizim isə onlarla heç bir kontaktımız yoxdur. Məsələn, hansısa zavodda, fabrikdə iş dayanıbsa, əməkhaqqı verilmirsə mən həmkarlar deyiləm, onların daxilində deyiləm ki, vəziyyətdən xəbərdar olam.

Xalq baş verənlərin şokundadır. Bu, birinci fazadır. Bizi müxalifət olaraq ən çox narahat edən odur ki, xalq bu vəziyyətdən çıxacaq, gələn il üzən məzənnə ki, vətəndaşların cibinə 100 faiz təsir edəcək, xalqın sosial durumu 3-4 dəfə aşağı düşəcək, belə bir vəziyyətdə camaat mütləq şokdan aqressivliklə çıxacaq. Onda artıq Azərbaycan müxalifəti də heç bir şey edə bilməyəcək, deyə bilməyəcəyik ki, bu zorakılığı eləmə, hökumətin üzərinə belə getmə. Necə ki, İsmayıllıda, Mingəçevirdə hadisələr oldu, qarşısını heç kim ala bilmədi. Hökumət Azərbaycanı xaosa doğru sürükləyir. Bu xalq yatmayıb, sadəcə olaraq, şokun birinci mərhələsinə xas olan daxili səfərbərlik mərhələsindədir. Özünüz də deyirsiz ki, illərlə müxalifət etiraz edib, mübarizə aparıb, amma xalqa münasibət dəyişmədi. Deməli, bizim apardığımız mübarizə xalqın total problemlərinin həllində effektsizdir. Yenə də aparsaq effektsiz olacaq. Ona görə də problem totaldırsa, hər bir adam eyni təhlükə qarşısındadırsa hər bir adam birlikdə vuruşmalıdır. Yoxsa, 5-10 siyasi fəal küçəyə çıxsın, adama deyərlər ki, 9 milyon çətinlik çəkir, küçəyə bu qədər çıxır? Bu, əksinə, hökumətin siyasətinin xalq tərəfindən dəstəklənməsi görüntüsü yaradır. Ona görə də biz araya girmək istəmirik. Hökmət demir məni xalq seçib, xalq demir ki, mən müxalifəti tanımıram?! Buyursun, bu xalq bu hökumət.

- Belə bir vaxtda ciddi tənqidlərə məruz qalan məsələlərdən biri dəbəzi deputatların xalqa müxtəlif "məsləhətlər” verməsi oldu. "Az yesinlər”, "az paltar alsınlar”, "ayaqlarını yorğanlarına görə uzatsınlar” və s. kimi. Sizin münasibətiniz necədir, deputatların bu fikirlərinə?

- Hamımız lüt gəzəcəyik, 1 ay oruc saxlayacağıq, sonra nə olacaq? İqtisadi yüksəliş baş verəcək? Mən az yedim, yorğanıma görə ayağımı uzatdım, az paltar aldım, bunun ölkədə iqtisadi inkişafa nə aidiyyatı var? İqtisadi inkişaf üçün zavod tikməlisən, fabrik tikməlisən, bazar tapmalısan, maliyyə resursları tapmalısan, investisiya cəlb etməlisən. Bunun xalqın yeyib-içməyinə nə dəxli var, ay bədbəxt, ay savadsız? Onlar axı xalq tərəfindən seçilməyiblər. Bir adamın cibinə mandat qoyanda olur ağıllı? Bu deputatların nə iqtisadiyyatdan başı çıxır, nə sosial həyatdan, nə mənəviyyatdan başı çıxır. Xalq yad ünsürlərdir, hərəsi öz adamının, qohum-qardaşının, o mafiyanın-bu mafiyanın hesabına oturub orda adını da qoyub deputat. Guya bunun adının qarşısına deputat yazan kimi oldu millətin təmsilçisi? Bu adamlar heç özlərini təmsil edə bilmirlər. Baxın görün nələr danışırlar onların haqqında, hansı cinayətlərdə iştirak edirlər. Ciddi yoxlanılsa böyük əksəriyyəti Azərbaycan qanunlarına zidd fəaliyyətlərlə məşğuldurlar. Dövlətin bu vəziyyətə düşməsinin bir səbəbi də həmin o iş adamı-deputatlardı. Birinin bir yorğanı var, sabah bir uşağı da oldu, o neyniyəcək? Bunlar danışanda düşünürlər?

Əgər bütün bu vəziyyət obyektiv səbəbdən yaransaydı biz də xalqı çağırarıq ki, qənaət elə. Zatən bu xalq indiyə qədər ekonomiya ilə yaşayıb. Türkiyədə görürsüz, Ərdoğan müraciət elədi yastıqaltı deyirlər, 400 milyardlıq qızıl çıxarıb banklara qoydular dövləti vəziyyətdən çıxarmaq üçün. Siz xalqa yatırım eləməyə imkan verməmisiz axı neçə ildə. Alınan əməkhaqqı istehlak zənbilinin yarısını təşkil edirdi, 90 faizi ancaq gündəlik tələbat mallarına xərclənib. Azərbaycan vətəndaşına yatırım etsəydin, bu gün çıxıb deyərdin ki, ay mənim vətəndaşım, bu illərdə səni yaxşı yaşatmışam, dolandırmışam, yatırım etmənə şərait yaratmışam, bankdakı 50-100 minini çıxart ver mənə. Türkiyədə, Avropada hamının bankda vəsaiti var, bizdə camaat banklara borcludur. İndi deyirsən qənaət elə, vətəndaşlar borcludular da onsuz da, nəyi qənaət eləsin? Bundan o tərəfə qənaət o deməkdir ki, Milli Məclis qərar qəbul etsin, desin gedin özünüzü öldürməyə başlayın, çünki vəziyyət çıxılmazdır. Azərbaycan əhalisi onsuz da Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi beynəlxalq standartlara uyğun qidalanmır. Bizim insanlar keyfiyyətli qida qəbul edə bilmir, bunu hamı bilir. Yəni faktiki olaraq bizim xalqımızın 90 faizi nisbi aclıq şəraitində yaşayır. Bundan sonra bir az da az ye deməkdənsə o millət vəkilləri çıxıb desinlər ki, ay Azərbaycan xalqı, öl. Sən özün cah-cəlal içində yaşayırsan, oğurluqla obyetklər, otellər, restoranlar açıbsan, nə haqqın var çörəyə möhtac olan insana deyirsən ki, az ye? Bu qədər mənəviyyatsızlıq olar? Xalqı dolamısız? Bilirsiz ki, buna aşağıdan necə etirazlar var? Bunlar əslində təxribatdır, hakimiyyətə qarşı zorakı mübarizəyə çağırışdır. Çünki aşağılarda həddən artıq aqressivlik yaradır. Onsuz da camaat bilmir neynəsin, sən düzgün yol göstərmək əvəzinə lağlağı yanaşırsan, nəticəsi çox pis olacaq.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur