Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
İlham Quliyev:

İlham Quliyev: "Qəzet erası bitib fikrinin tərəfdarı deyiləm" — MÜSAHİBƏ

yüklənir...

Bu gün "Kaspi" qəzetinin yaranmasından 135 il keçir. 135 illik qəzetin redaksiyasına getməyimizin səbəbi həm təbrik, həm də fürsətdən istifadə edib qəzetin baş redaktoru İlham Quliyevlə söhbətləşmək idi.

Redaksiyaya daxil olan andan içəridə bayram ab-havası hiss olunur. Otaqda reportaj üçün gələnlərin sayı işçilərdən çoxdur. Fotoaparatların şaqqıltısından qulaq tutulur. Fotoqrafımız Nurlan fotoaparatını sakitcə əlinə alaraq bu ümumi ahəngə qoşulur.

Deyəsən bugün hamının belə bəzənib gəlməsi səbəbsiz deyil. Qəzetçilər axşam bayram tədbirinə indidən hazır gəliblər.

Nəhayət ki, İlham Quliyevdən müsahibə almaq növbəsi bizə yetişir. Təbrikimizi Ölkə.Az kollektivi adından çatdırıb, başlayırıq söhbətə.

- İlham müəllim 135 yaş az deyil. Necə düşünürsünüz, 135 illik "Kaspi"də kim öndədir-siz ya xələfləriniz?

- Təbii ki, 135 il çox böyük bir zaman kəsiyidir. Mətbuat tarixi baxımından yanaşsaq, çox böyük dəyişikliklər baş verib. Nəinki 135 il, son 10 illə müqayisədə mətbuatda çox böyük transformasiyanın şahidi oluruq. Məzmun olaraq, yaradıcılıq baxımından biz daha öndəyik. 

Ümumi bir konsepsiya olaraq, proseslərə yanaşma olaraq, ölkənin taleyindəki rol baxımından biz özümüzü tarixi "Kaspi"nin varisi sayırıq.

Bu qəzet 1881-ci ildə təsis olunub. İlk baş redaktoru rus əsilli Kuzmin olub. Amma mənbələr göstərir ki, Kuzminə "Kaspi" qəzetinin yaradılması ilə bağlı təklifi Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabi edib. Kuzmin onun tələbəsi olub. "Əkinçi" bağlandığından Zərdabinin fikri "Kaspi"nin Azərbaycandilli əlavəsini buraxmaq olub. Amma icazə verməyiblər.

Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetinin mətbəəsini alandan sonra baş redaktor Əlimərdan bəy Topçubaşov təyin olunub. Bununla da "Kaspi" milliləşib və o dövrün bütün mütəfəkkirləri bu qəzetin yazarlarına çevriliblər. Bura bir tribuna rolunu oynayıb. Azərbaycanın bütün problemləri bu qəzetin səhifələrində əks olunub.

Qəzetimizin təsisçisi Sona xanım Vəliyevanın təşəbbüsü ilə biz "Kaspi"nin bütün nüsxələrinin elektron variantını almışıq. Hollandiyada bir fond qəzetin bütün nüsxələrini yığıb saxlayırdı. Virtual arxivi saytımızda yerləşdirmişik.

Ümumi Azərbaycan problemləri həmişə "Kaspi"nin diqqətində olub, bu gün də diqqətindədir. Biz onlara layiq olmağa çalışırıq.

- Sona xanımın adını çəkdiniz. Çətin deyil işləmək? Tələbkardırmı?

- Bu qəzetin fəaliyyətini bərpa etdiyi gündən Sona xanım bizim təsisçidir. Yaradıcı insandır. Yaradıcı insanlarla işləmək çox rahatdır. Xüsusilə də qəzet müstəvisində. Hansı işləri görəcəyik, nəyi planlaşdırırıq, bunları izah etməyə ehtiyac olmur. Sona xanım özü bu işlərin içindədir. Hesab edirəm ki, məndən əvvəl qəzetdə baş redaktor olmuş 4 həmkarımda da bu belə olub. Sona xanımın işləri çoxdur. Milli Teleradio Şurasında təmsil olunur, "Kaspi" təhsil şirkətinin həmtəsisçisidir, ölkənin ictimai həyatında yaxından iştirak edir. Amma hər an qəzetin yanındadır. İstənilən an mövzu ətrafında müzakirə apara bilirik, yeni layihələrin təşəbbüskarı kimi çıxış edir, bizi yerimizdə oturmağa qoymur, həmişə bizi irəliyə doğru istiqamətləndirir.

- 135 illik "Kaspi"nin tarixində qalmaq üçün hansı planlar var?

- Son iqtisadi durumla əlaqədar çap mediası bir sıra problemlərlə üzləşdi. Qəzet kağızı iki dəfə bahalaşıb. İdxal olunan kağıza əlavə dəyər vergisi yenidən tətbiq olunur. Nəticədə çap mediasının imkanları məhdudlaşıb. Buna baxmayaraq, biz əlavələrimizi qoruyub saxlamışıq. Azərbaycanda çap olunan azsaylı rəngli qəzetlərdənik. Bu baxımdan qəzet çap eləmək fədakarlıq tələb edir. Təsisçimiz Sona Vəliyeva da fədakarlıq edərək qəzetimizi çap etdirir. Təsisçinin yardımı, reklamlar, abunə sayı, qəzet satışı ilə vəziyyətin öhdəsindən gəlirik. 
Yerimizdə də oturmuruq. Yeni layihələrimiz var. Yanvarın 5-dən bizim yeni "Kaspiart" internet səhifəmiz fəaliyyətə başlayır. Bunu ədəbiyyat və mədəniyyət portalı kimi nəzərdə tuturuq. Bilirsiniz, qəzetimiz rus dilində də çıxır. Bu ildən internet səhifəmizin ingilis dilli versiyası da fəaliyyətə başlayıb.

Düşünürük ki, 2017-ci ildə bu istiqamətdə fəaliyyətimizi genişləndirək. Həm ingilis dilli versiyamızın, həm də rus dilli versiyamızı genişləndirmək istəyirik.

Müxtəlif dövlət orqanları ilə də birgə layihələr icra edirik. Azərbaycan maarifçiləri ilə bağlı yazarlar arasında bir müsabiqə planlaşdırırıq. 
Həmçinin, bizdə Kaspi nəşrlər seriyası da var. O seriya çərçivəsində 10 kitab çap olunub. Gələn il daha üç belə çap nəzərdə tuturuq.

- Dediniz yeni saytlar yaradırıq. Ümumiyyətlə, bu elektron media qəzetə mane olmur? Özünüzə rəqib yaradırsınız.

- İnternet medianın varlığı bir reallıqdır. Çap mediası artıq onlayn mediadan fərqlənməyə başlayıb. İnformasiya yükü 95 faiz internet mediasının üzərindədir. Biz bu yaranmış durumdan çıxış üçün müəyyən işlər görürük. 3 dildə fəaliyyət göstərən saytımız var və biz də internet medianın təmsilçisiyik.

Üstəlik, biz qəzetin formatını dəyişmişik. Artıq qəzetdə informasiya verməyi artıq iş hesab edirik. Analitik materiallar, araşdırmalar, müsahibələr, hansısa bir problem ətrafında dəyirmi masalar çap edirik və bu yolla varlığımızı qorumağa çalışırıq.

Həm də çap mediası spesifikləşməlidir. Bizim əlavələrimiz buna xidmət edir. Müəyyən bir kontingenti öz ətrafımızda toplayırıq. 
Mən qəzet erası bitib fikrinin tərəfdarı deyiləm. Qəzet tarixdir, qəzet salnamədir. Hesab edirəm ki, KİVDF-nin qəzetlərə yardımı bir qədər də artmalıdır. Qəzetin bir kommersiya strukturu kimi öz hesabına ayaqda durması çox çətindir.

- 135 illik qəzetə rəhbərlik etmək necə hissdir?

- Birinci növbədə məsuliyyətdir. Mən şəxsən öz çiynimdə çox böyük məsuliyyət hiss edirəm. Yaxşı ki, bizim təsisçimiz var, bizə dəstək olub ruhlandırırlar, çətinlik çəkməyə qoymurlar, yolumuzu açırlar. Çalışırıq ki, bu ada layiq olaq.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur