Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Prezidentə dedim ki, icazə verin, Heydər Əliyevin evdəki arxivini mənə açsınlar” - MÜSAHİBƏ

“Prezidentə dedim ki, icazə verin, Heydər Əliyevin evdəki arxivini mənə açsınlar” - MÜSAHİBƏ

yüklənir...
Bir müddət əvvəl Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” ("Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı olub. Elmira Axundova kitabla bağlı Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik. 

-Elmira xanım sizi bu kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Bu ideya necə yarandı?

-Mənim 10 ildə prezident haqqında ən azı 15 məqaləm çıxıb. Onun bütün uğurlarını, nailiyyətlərini izləmişəm və Moskvada, Bakıda, Ukraynada böyük jurnallarda mənim məqalələrim yayımlanıb. Təqdimatda da dedim ki, hər kitabın yetişmək vaxtı var, tez də olmaz, gec də... 5 il bundan əvvəl mənə desəydilər ki, sən niyə prezident haqqında yazmırsan, mən deyərdim ki, hələ tezdi. 

Cənab prezident haqqında ilk kitab 2007-ci ildə çıxıb. Hüseynbala Mirələmov və Andrianovun müəllifi olduğu kitabı dəyərləndirdim. Hətta mən öz kitabımda o nəşrə bir neçə dəfə istinad da eləmişəm. Amma həmin kitab mənim o qədər də xoşum gəlmədi. Çünki kitabda cənab prezidentin siyasətçi olaraq obrazı tam açıqlanmamışdı. Cənab prezidentin uğurları hələ gələcəkdə idi. 5 il qabaq mən bilmirdim ki, nə yazım. Axırıncı 4-5 ildə İlham Əliyevin siyasətinə valeh oldum. Onun idman sahəsində, regionlara diqqəti, fərmanları, islahatları, "Asan-xidmət” kimi inqilabi addımı, korrupsiya əleyhinə tədbirləri, iş adamları üçün yaratdığı şəraitlər və ən əsası da onun xarici siyasətdəki maraqlı və sərt manevrləri, kişiyanə işləri mənim üçün çox maraqlı oldu.

Əvvəl Heydər Əliyev haqqındakı kitabımı yazdım. O kitab böyük rəğbət, qiymət aldı. Sonra 1 il qaldım ki, nə edim? Fikirləşirdim ki, nə üzərində işləyim? Birdən ağlıma gəldi ki, prezident haqqında məqalələri toplayım görüm bu 5 ildə nələr yazmışam. Nəzər yetirəndə bunların bir kitab həcmində olduğunu gördüm. "İlham Əliyev və Kütləvi İnformasiya Vasitələri”, "Prezidentin valideynləri kimdir?”, "Uğurlu bioqrafiyası olan adam” məqalələrimə baxdıqda, böyük bir kitab üçün vəsait olduğunu gördüm. Əlavə materiallar, şəkillər topladım, onu kitab halına saldım. Bu nə elmi, nə də bədii kitab oldu, publisistik nəşr oldu. Sırf publisistik, jurnalistin məhsulu. Kitabda jurnalistlərin də fikirləri yer alıb, jurnalistlərlə bağlı ayrıca fəsil var. 

Çox maraqlıdır ki, kitab elə bil bu gün üçün yazılıb, çox aktualdır. Axırıncı hadisələrə qədər bütün məlumatları bu kitaba sala bildim. Hər şey əks olunub. Hətta referendumun nəticələri də qeyd olundu. Kitab müasir formatdadır. Kim istəsə, kitabı çap edib hədiyyə verə bilər. Bu kitabı oxuyanların Azərbaycan haqqında, prezidentimiz haqqında tam təsəvvürləri olacaq. Əsas məsələ, mən prezidentimizin portretini yaratmağa çalışdım. Şəxsi keyfiyyətini, cavanlıqda hansı xüsusiyyətlərə malik olub, siyasətə təzə başlayanda qarşısında hansı çətinliklər dururdu, genetik gələn şəxsiyyəti necədir – bunlar haqqında, hətta ailə mühiti barədə dolğun məlumat verdim. Ailəsinin onun haqqında danışdığı sözlər də var. Başqa yerlərdə bu məlumatlar yoxdur”.

-Bilirik ki, İlham Əliyev özü haqqında kitabların yazılmasını istəmir. Təbii ki, bunu kiminləsə razılaşdırmalıydınız...

-Heç kim inanmır ki, mən kitablarımı razılaşdırmıram. Heydər Əliyev hələ sağlığında mənə vəsiyyət etmişdi ki, "Elmira xanım, mənim haqqımda yaz, səndə yaxşı alınır”. 
2005-ci ildə cənab prezidentə yaxınlaşıb dedim ki, "mən Heydər Əliyev haqqında kitab yazıram”. O da dedi ki, "sənə nə kömək lazımdır?”, "niyə yazırsan?” demədi. Mən dedim ki, Heydər Əliyevin evdə olan arxivini açın mənə. O da göstəriş verdi, arxiv açıldı. Amma soruşmadı ki, "necə yazırsan, hansı formada yazırsan?”. 
Mən Heydər Əliyev haqqında yazımı heç kimə göstərməmişəm. Göstərsəydim, bəlkə də bu kitab indi çıxmayacaqdı. Mən sərbəstəm. Heydər Əliyev haqqında olan kitab da çox maraqlıdır. Nadir mənbələrdən istifadə etmişəm. Orda fərqli-fərqli insanlar danışıb. Onların arasında müxalifətdə olan insanlar da danışıb. Kitabda Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, Sirus Təbrizlinin, Rafael Allahverdiyevin xatirələri var. Onlar sonradan müxalifətə döndülər. Kitabda aları keçən həmin insanlar vaxtilə Heydər Əliyevlə işləyiblər. 

İlham Əliyevlə bağlı kitaba gəlincə, yenə də heç kimlə məsləhətləşmədim, icazə almadım. Mən fikirləşdim ki, kitabı burada çap etdirmək çətin olacaq. Ona görə də kitabı çap etdirmək üçün Moskvaya getdim. Nəşriyyatların birinə, iksinə getdim, üçüncü getdiyim maraqlandı. Kitabı göstərdim, dedilər ki, "bizim nəşriyyatda prezidentlər haqqında gələn 2-ci kitabdır”. Bundan əvvəl Qırğızıstanın keçmiş prezidenti Əskər Akayev haqqında kitab çap olunduğunu bildirdilər. Kitabı oxudular, çox bəyəndilər. 
Mən jurnalist olduğum üçün öz milli maraqlarımı qoruğumağa öyrəşmişəm. Kitabda da bir neçə yerdə Qarabağ haqqında, ermənilər haqqında, ermənilərin törətdiyi soyqırımıları barədə məlumatlar yer alıb. Qarabağ məsələsində bizim mövqeyimizi kitabda ətraflı şəkildə qeyd etmişəm. Onlar xahiş elədilər bu hissələri ya çıxarım, ya da yumşaldım. Amma 99 faiz buna getmədim. Bildirdim ki, siz özünüzü ermənilərdən sığorta etmək istəyirsinizsə, "müəllifin mövqeyidir” sözlərini yazın. Mənə lazım olan bütün məlumatlar kitabda qaldı. Bu, böyük bir uğur idi. Kitab nəşriyyatda o qədər bəyənildi ki, onlar kitabın əlavə 1500 nüsxəsini Rusiyada özləri satmaq üçün çap elədilər. Bu kitab Moskvanın ən böyük kitab mağazalarında satılır. 

-Elmira xanım kitabı sizin yazmağınız hər halda rəhbərliyin sizə etimadıdır. Hər adam yaza bilməzdi...

- Təqdimatda da dedim ki, məni ruhlandıran 2013-cü ildə Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rus dilində çıxan kitabı ("Десять лет, изменившие Азербайджан” ("Azərbaycanı dəyişdirən on il”)) oldu. 
Çox maraqlı kitabdır. Kitabda Azərbaycan siyasəti haqqında axırıncı 10 ilin bütün hadisələri təsvir edilib. Kitabı oxuyanda elə bil mənə ilham verdi. Dedim ki, Ramiz Mehdiyev bu kitabı elmi tərəfdən yazıb, mən də publisistikdan yanaşa bilərəm. O kitab mənə bir növ yol göstərdi. Ramiz müəllimin özünə də dedim ki, siz mənə yol göstərmisiniz. 
Kitabı Bakıya böyük çətinliklə gətirmişəm. Kitab Moskvada çap edildiyinə görə, Bakıya gəlməsi çətin idi. Moskvada diaspor nümayəndəsi ilə danışıqlar apardıq, dedilər az-az göndərərk. Mən buna razı olmadım, çünki təqdimata ən azından 300 kitab lazım idi. Onların dediyi üsulla kitabların göndərilməsi uzun müddət çəkəcəkdi. "Azərbaycan Dəmir Yolları”nın nümayəndəsi ilə danışdım, o da Cavid müəllimlə əlaqə saxladı. Cavid müəllim dedi ki, "Elmiraya nə kömək lazımdırsa, edin”. Nümayəndə dedi ki, "kitabları Moskvdan Bakıya apararıq, amma çox çətin olacaq, 3 gün yol gedəcək, gömrük məntəqələrində çətinlik yaranacaq. Hələlik 100 ədəd aparaq, görək necə olur”. Mən buna da razı olmadım. Çünki 600 kitabın gətirilməsi uzun çəkəcəkdi. Axırda nəşriyyatla əlaqə saxladım. Onlar tanıdıqları bir transfer şirkəti ilə kitabları daşımağa başladılar, qiyməti də 100 dollara başa gəldi. Kitabları gətirdilər Vladiqafqaza. Oradan sonra gətirməyə razılaşmadılar. Oğlum öz dostu ilə böyük maşınla getdi Vladiqafqaza, kitabları yüklədilər. Rusiyada və Gürcüstan sərhədində çox əziyyət çəkdilər. Amma Azərbaycan gömrüyündə heç bir problem olmadan keçdilər. Aydın Əliyevə, Kamaləddin Heydərova təşəkkür edirəm. Azərbaycan gömrüyündə heç bir rüsum tələb edilmədən mənə kömək etdilər.

-Kitab rezonans doğurdumu, necə qarşılandı?

-Kitab Moskvada da satılır. Bura gətirdiyim 600 kitabdan 60-70 ədədi qalıb. Hamı kitab istəyir, mağazalara da vermişəm. Prezidentin İşlər kitabxanasında da satılır. Xarici işlər naziri Elmar Məmmədyarovdan xahiş etdim ki, 100 kitabı xaricdəki səfirliklərimizə göndərsin. 
300 səhifəlik kitabdır, mənə köməklik etsələr, kitabları bir neçə dilə tərcümə edib, xarici ölkələrə göndərərik ki, öz dillərində rahat oxuyub ölkəmiz, prezidentimiz haqqında məlumat alsınlar. Bu çox gözəl bir təbliğat vasitəsi ola bilər. Azərbaycanın iqtisadi möcüzəsi ilə hamı maraqlanır, bu necə baş verib, Azərbaycan necə belə yaşayır?
Məncə, cənab prezidentin əsas nailiyyəti nə iqtisadi möcüzə, nə bizim inkişafımızdadır. O, Azərbaycan xalqının özünə dəyərini ortaya çıxardı.

- Bu sahədə fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Respublikamızın dəyərli insanlarından biri Kamal müəllim mənə deyib ki, unikal kitab yazmısan. Onun oğlu Tale Heydərovun böyük bir cəmiyyəti var. Onlar mənim 3 cildlik kitabımı ingilis dilinə çeviriblər. Kitab yaxınlarda çıxmalıdır. 
Tale Heydərov dedi ki, bu kitab bir neçə dilə tərcümə olunmalıdır. Ros Uilson da İlham Əliyev haqqında maraqlı bir kitab yazıb. Bunun üzərindən 7 il keçib. O kitabda Avropa Oyunları, iqtisadi yüksəliş, regionların inkişafı yox idi. Ona görə də mənim əsas məqsədim yazdığım kitabın xarici dillərdə çap olunmasıdır. 
İstəyirəm ki, Heydər Əliyevin 95 illiyinə bir kitab həsr edim. Bu kitabda heç yerdə yazılmayan məlumatlar, şəkillər olacaq. Onun komandası ilə iş metodu, jurnalistlərlə zarafatı, bəzi insanlarla çəkişmələri, ümumiyyətlə Heydər Əliyevin bütün obrazı, görünməyən tərəfləri kitabda yer alacaq. Demək olar ki, kitabın 50 faizi hazırdır, qalan hissəsini Heydər Əliyevin 95 illiyinə qədər tamamlayacam. 

Cənab prezidentin siyasətini dünyaya çatdırmaq üçün əlimdən gələni edəcəyəm. Rus dilində danışan insanların sayı 1 milyarda çatır. Bu çox böyük bir oxucu auditoriyasıdır. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur