Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Zülfiyyə Xanbabayeva: “Qadın öz hiylələrindən istifadə etməlidir” - MÜSAHİBƏ

Zülfiyyə Xanbabayeva: “Qadın öz hiylələrindən istifadə etməlidir” - MÜSAHİBƏ

Xalq artisti Zülfiyyə Xanbabayeva "Port Baku Magazine” jurnalına müsahibə verib. 
 

Dogruxeber.com  qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

 

- Zülfiyyə Xanbabayevanın zövqünü formalaşdıran əsas məqamlar hansılardır və geyim tərzinizin əsasını nə təşkil edir?

 

- Mən hər zaman öz prinsiplərimə sadiqəm. Qara rəngi sevirəm və dəb dalınca heç zaman qaçmamışam. Coco Chanel demişkən "Dəb gedir, üslub qalır”- geyim tərzimin əsası məhz budur.

 

- Öz üslubunuzu necə xarakterizə edə bilərsiniz - dəbin hansı istiqaməti, hansı qoludur?

 

- Mənim üslubumu ilk növbədə xasiyyətim ifadə edir. Bir daha qeyd edim ki, dəb dalınca qaçmıram, dəb daim dəyişir. Mənim isə öz üslubum, xasiyyətimə və daxili aləmimə uyğun geyim tərzim var.

 

"Hamıya oxşar olmaq istəmədiyimə görə…”

 

- 90-cı, 2000-ci illərdə də geyim tərziniz dəyişməz olaraq qalıb, amma buna baxmayaraq, siz daim ultra-dəbli görünmüsüz. Buna necə nail olursuz?

 

- Son zamanlar bu barədə özüm də düşünməyə başlamışam, özüm-özümə təəccüblənirəm ki, geyim tərzim çox da dəyişməyib. Hətta saçlarımda belə hər hansı dəyişikliklər etsəm də, sonda öz üslubumda qərarlaşıram. Bir az rənglərlə oynaya bilərəm, amma köklü dəyişikliklər etmirəm. Dəb aludəsi olmasam da, dəbdən də geri qalmıram. Sadəcə olaraq hesab edirəm ki, dəb dalınca qaçan insanların hamısı eyni tərzdə geyinir.

Hamıya oxşar olmaq istəmədiyimə görə bir elementi özümünküləşdirməyə çalışıram. Və nəhayət, mən öz üslubuma sadiqəm. Qara rəng 90-cı illərdə də, bu gün də qarderobumda üstünlük təşkil edir. Dəb tendensiyalarını izləyirəm, amma sırf bu gün bu dəbdədir, bunu mütləq geyinməliyəm deyə düşünmürəm. Hər hansı bir tədbirdə olanda fikir verirəm ki, hamının əlində eyni çanta, ayaqlarında eyni ayaqqabı.

Mən bunu etmək istəmirəm. Ola bilər ki, hər hansı brendin hazırda dəbdə olan çantasını yox, tamamilə başqa birisini seçib alıram və məndə həmin çantanı görəndə hamı heyranlıqla deyir: "Nə gözəl görsənir!”. Mən standartlardan qaçıram. Üslubuma olan sadiqliyimdən söz düşdüsə, deyə bilərəm ki, imici bir qədər dəyişə bilərəm, amma üslubu yox. 

 

"Geyimimlə bağlı səhvlərim olub”

 

- Səhnəyə, konsertə, müxtəlif tədbir və televiziya verilişlərinə nə geyinəcəyinizi özünüz seçirsiniz?

 

- Özümə inanmağımla bərabər zövqünə güvəndiyim insanlarla məsləhətləşməyi, bölüşməyi, müzakirə etməyi sevirəm. Bu məsləhətlər istədiyim bir şeyi əldə etmək üçün təkan ola bilər, daha çox qərarlı olmaq üçün, axı mən tərəzi bürcündənəm. Geyimimlə bağlı səhvlər də olub. Olub ki, hər hansı bir geyimlə efirə çıxmışam və qıraqdan özümə baxanda bu geyimi seçməkdə səhv etdiyimi anlamışam. Daha səhvimi təkrarlamamışam. Stilistlərə müraciət barədə isə onu demək istərdim ki, yanımda hər zaman komandam var. Və hər kəsin məsləhətini dinləyib, öz zövqümə də inanıb bir qərara gəlmişəm.

 

- Sizin üçün şopinq nədir? Özünüzü şopoqolik adlandıra bilərsizinizmi?

 

- Bəli, mən şopoqolikam. Saatlarla alış-veriş edə bilərəm. Daha çox xarici ölkələrdə… Əhvalımı şopinqlə yaxşılaşdırıram. Hətta əvvəllər mənə lazım olmayan şeyləri də alırdım. Bir dəfə bir məqalə oxumuşdum ki, "Lazım olmayan şeyləri almaq özü də bir zövqsüzlükdür”. Və bu, mənə dərs oldu. Düşündüm ki, axı mən zövqsüz deyiləm, niyə belə edirəm? Və zamanında bu vərdişimdən əl çəkdim.

 

"Hər bir qadın öz hiylələrindən istifadə etməlidir”

 

- Qarderobunuzda sevimli geyim hansıdır? Konsert və gündəlik obrazınızda nəyə üstünlük verirsiz?

 

- Qarderobumda dəyər verdiyim geyim pencəklər, dəri aksessuarlar, ayaqqabı və çantalardır. İstədiyim, ancaq bədən ölçülərimə görə geyinə bilmədiyim geyimlər var. Ona görə qarderobumda daha çox ayaqqabı və çantalara diqqət ayırıram.

Səhnə və gündəlik geyimlərə qaldıqda isə, hər bir tədbirin öz əhval-ruhiyyəsi, öz geyimi var. Çoxları düşünür ki, səhnə parıltı sevir. Əvvəllər mən bununla qətiyyən razılaşmırdım. Amma son zamanlar parıltılı geyimləri sevməyə başlamışam. Dəyişməyən bir şey varsa, o da üslubumdur. Sözsüz ki, gündəlik həyatda geyindiyim paltarları səhnəyə geyinmərəm. Müğənni tədbirə gələn tamaşaçılardan geyimi ilə fərqlənməlidir. Bu fərqlənməyə necə nail olduğumu hələ də anlaya bilmirəm. Düşünürəm ki, məndə sadəcə qüsurlarımı gizlətmək yaxşı alınır. Geyim təqdim etmək bacarığından çox şey asılıdır.

Bahalı paltarı geyinmək olar, amma bu o demək deyil ki, bununla sən gözəl görünəcəksən. Qiyməti baha olmayan geyimlə də şıq görünmək olar, bu da özünü həmin geyimdə necə təqdim etməyindən asılıdır. Mənə çox yaraşan, amma onlarda özümü heç rahat hiss etmədiyim geyimlər var. Ancaq dözürəm. Ümumiyyətlə, özünə əziyyət vermək istəməyən qadınları anlamıram. Müəyyən qadın hiylələri var ki, məncə hər bir qadın o hiylələrindən istifadə etməlidir - təki estetik cəhətdən gözəl görünsün.

Gündəlik həyatda isə ən əsası rahatlığa üstünlük verirəm - sport yox, "casual” geyinirəm. Mən geyimimdə minimalist və rahatlığa üstünlük verirəm.

 

"Heç vaxt cins şalvar geyinmərəm”

 

- Zülfiyyə Xanbabayevanın heç vaxt geyinməyəcəyi bir geyim varmı?

 

- Cins şalvar və bridci. Düşünürəm ki, cins şalvarları yalnız gənclər və modellər geyinməlidir.

 

- Hazır, yoxsa fərdi tikilmiş paltarlar - siz daha çox nəyə üstünlük verirsiz və niyə?

 

- Hazır və dəyişiklik etmək mümkün olan geyimləri. Mənim üçün tikilmiş, evə gətirib bir dəfə əynimə geyindiyim paltarlarım olub. Hazır geyimdə özümü daha inamlı hiss edirəm.

 

"Qadın mütləq dikdabanda gəzməyi bacarmalıdır”

 

- Lüks brendlər, yoxsa kütləvi market? Uyğun olmayanları uyğunlaşdıra bilərsinizmi?

 

- İlk öncə insanın özü brend olmalıdır. Qadın mütləq dikdabanda gəzməyi bacarmalıdır. Mən dikdaban geyinməyi bacarmayan qadınları başa düşmürəm. Və bir insan əyninə "mass-market”ə aid olan bir paltar geyinə bilər və o paltarı brendə çevirə bilər. Bu, mübahisəli sualdır, əlbəttə ki. Biz qadınlar brendləri sevirik. Çox paltar almaqdansa, bir geyim almaqla brendə üstünlük vermək daha yaxşıdır.

 

"Qadın zərifliyi ətəkdə olmağından asılı deyil”

 

- "Zövqsüz geyinsəniz, geyiminiz yadda qalacaq; qüsursuz geyinsəniz, özünüz yadda qalacaqsız”. Coco Chanel ilə razısınızmı? Geyim, üslub və dəb seçimindən asılı olmayaraq qadın zərif olmağı necə bacarmalıdır?

 

- Qadın zərifliyi ətək və ya şalvarda olmağından asılı deyil. O, ətəkdə özünü kobud apara, şalvarlı kostyumda isə cazibədar görünə bilər. Monika Beluççi kimi.

 

"Dəniz bilir kimin qızıdır…”

 

- Zövqünüz qızınızın zövqü ilə üst-üstə düşürmü? Dənizin qarderobu necə formalaşır? O, sizin geyim seçiminizə və ümumiyyətlə, "ulduz” olmağınıza necə yanaşır?

 

- Bəli, üst-üstə düşür. Dəniz bilir kimin qızıdır, amma onun üçün ilk növbədə anayam. Və o mənə etibar edir. Mən onun zövqünü körpəlikdən formalaşdırmağa başlamışam. Heç zaman düşünməmişəm ki, uşaq mütləq əlvan geyinməlidir. Dənizin qarderobunda qara rənglər də var. Artıq 9 yaşında olmağına baxmayaraq, hərdən Dəniz mənə hər hansı paltarı göstərəndə mən onun bir neçə geyimi uyğunlaşdırmağından anlayıram ki, artıq onun öz üslubu, zövqü formalaşıb. Uşaq olanda mənim zövqümü heç kim formalaşdırmayıb və mən bilmirəm bu məndə necə əmələ gəlib.

 

- Siz əsaslı şəkildə dəyişmək istərdinizmi? Bu baş versəydi, Zülfiyyə Xanbabayeva necə görünərdi?

 

- Mən dəyişmişəm, yalnız fotosessiyalarımda fərqlənirəm. Amma buna baxmayaraq, hər zaman özüm olaraq qalmışam. Düşünürəm ki, geyim xasiyyətdir.

 

- Zülfiyyə Xanbabayevadan dəbli tövsiyə…

 

- Heç kimi təkrarlamayın. Özünüz olun!

 


 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur