Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xaşsevərlərə DİETOLOQ TÖVSİYƏSİ: “Spirtli içki və çörəklə yeməyin”

Xaşsevərlərə DİETOLOQ TÖVSİYƏSİ: “Spirtli içki və çörəklə yeməyin”

yüklənir...
Soyuq havaların gəlməsi, həm də bəzi yeməklərin yeyilmə zamanı olmasından xəbər verir. Elə ki, havalar bir azca soyudu sarımsaq qatıqlı xəngəl, sirkəli xaş kimi yeməklər gündəmə gəlir. Mübaliğəsiz demək olar ki, sosial şəbəkələrdə yazılan 2-3 statusdan biri xəngələ və xaşa həsr olunur, bu yeməklərin iştah qabardan rəsmləri paylaşılır. Kimisi bu yeməkləri yemək istədiyini, kimisi də bu yeməyi yemək üçün dəvət edilməyi gözlədiyini dilə gətirir. Qısası, artıq xaş mövsümü başlayıb.
 
Məsələ ilə bağlı sorğu apardığımız Adil adlı bir respondent deyir ki, qış aylarında həftədə bir neçə dəfə səhərlər xaş yeyir.
 
Nigar adlı gənc bir xanım isə "xaş” sözünü eşidən kimi indiyə kimi bu yeməyi dadmadığını dedi: "Bu yaşa kimi xaşın dadını da bilmirəm. Deyirlər ki, çox xeyirlidir, dadlıdır, amma mənə dərman olsa da, dilimə vurmaram. Görüntüsü, qoxusu adamı çəkmir, itələyir”.
 
"Xaşın suyu barmaqları elə yapışdırırdı ki...”
 
Saleh adlı yaşlı bir kişi isə gileyləndi ki, indi yediyi xaşın heç bir dadı yoxdur: "Mən Kəlbəcər rayonundanam. Bizdə havalar çox soyuq olduğu üçün çox vaxt xaş bişirib yeyirdik. Özü də otla bəslənmiş heyvanların xaşının dadından doymaq olmurdu. Onu özümüz ütürdük, odunun his qoxusu da ona ayrı dad qatırdı. Həmin xaşın suyu əlinə dəyəndə barmaqların bir-birinə elə yapışırdı ki, elə bil "kleyləmisən”. İndi burada xaşı hansısa xaşxanalarda bişirirlər. Heyvanlar isə bordaq heyvanların baş-ayağı olur. Onun da ki, nə dadı var, nə faydası. Xaşı bişirilən heyvan gərək təbii otla qidalansın, açıq havada olsun, bulaq suyu içsin. Onun xaşını yeyəndə də bədənə faydası olurdu...”.   
 
Apardığımız kiçik sorğudan da məlum oldu ki, xaşı demək olar hər kəs sevir. Amma xaşın orqanizmə faydalı, yaxud zərərli olması ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi dietoloqlar iddia edir ki, xaş yemək insanlarda artıq çəkiyə səbəb olur. Yaxud qan- damar dövranında hansısa narahatlıqlar yaradır. Bəs xaş yemək hansı hallarda orqanizmə zərər vurur? Onun faydalı cəhətləri hansılardır? Xaşı necə və nə ilə yemək daha düzgündür?
 
Mövzu ilə bağlı Ailem.az-a danışan tanınmıs həkim-diyetoloq Leyla Zülfüqarlı bildirdi ki, Azərbaycanda məhz əhalinin qidalanması ilə birbaşa əlaqəli olan bir çox xəstəliklər var: "Başlıca olaraq vitamin D əskikliyi səbəbindən çoxalan bir çox xəstəliklərimiz var. Çoxlarında ciddi şəkildə vitamin D defisiti var. Nəinki uşaqlarda, qadınlarda, demək olar ki, hər kəsdə bu çatışmazlığı görürük. Bildirim ki, ən çox əl, qol, qıç, sümük ağrılarını yaradan səbəb vitamin D əskikliyidir”.

 
Xaş yalnız düzgün bişirildikdə orqanizmə xeyirlidir
 
O zaman nə edək, nə yeyək ki, orqanizmdə D vitaminini yığa bilək? L. Zülfüqarlı deyir ki, xaş tərkibində çox miqdarda vitamin D olan ən faydalı yeməklərindən biridir. Lakin xaşın bişirilmə tərzi tamamilə yanlışdır: "Xaş düzgün bişirildikdə xeyirlidir, onu yemək olar. Amma düzgün bişirilmədikdə yeməyin, çünki ziyanlıdır. Xaş düzgün şəkildə bişirilmədikdə xeyirdən çox ziyan verir. Məsələn, mən dedim ki, vitamin D almaq üçün xaş yeyəcəyik. Amma biz o xaşı elə yanlış bişiririk ki, onu yeyən zaman trans yağların orqanizmə ötürüldüyü təqdirdə pis xolesterinin çoxalması nəticəsində qan-damar dövranının bəzi xəstəliklərindən əziyyət çəkə bilərik. Hətta bəzi kilo problemlərini, qaraciyər piy distrofiyası, ürəyin bəzi xəstəliklərini də buna bağlamaq olar”.
 
Bişəndən sonra xaşın üzərindəki yağları atın
 
"Xaş gec bişən yeməkdir. Buna görə orqanizmdə də həzm olunmasına çox vaxt sərf olunur. Demək ki, burada xırda məqamlara diqqət etməliyik. Xaş soyuduqdan sonra onun üzərindəki yağlar atılmalıdır. Yəni onun jelatinə bənzər tərkibini və ət tikələrini yemək lazımdır. Çünki ət tikələrinin tərkibində amin turşular və digər faydalı maddələr var. Amma üzərindəki yağlar artıq işlənmiş yağlardır, yəni doymuş yağ turşularıdır. Həmin yağlar orqanizmə xeyirdən çox ziyan verir ki, onları soyuduqdan sonra atmaq lazımdır”, - deyə o əlavə etdi.
 
Xaşı ağır içkilərlə yemək olmaz
 
Diyetoloq vurğulayır ki, bizim ölkədə xaşın yeyilmə tərzi tamamilə yanlışdır: "Bizdə xaşı yağlı şəkildə isti-isti yeyirlər. İkinci ən böyük səhv isə xaşın çörəklə yeyilməsidir. Xaşın kalorisi, jelatinə bənzər hissənin içərisində maddələr çoxdur. Eyni zamanda ondan nəinki protein hətta karbohidrat da almış oluruq. Ona görə də əlavə çörəklə yeməyə ehtiyac yoxdur. Həmçinin xaş yeyilən gün, bir neçə saat mədə-bağırsağa dinclik vermək lazımdır. Yəni onun tərkibində gec həzm olan maddələr olduğu üçün qəbul olunandan 3-4 saat sonraya qədər heç nə yemək lazım deyil. Amma bu səhvlər də çox edilir. Oturub çox ağır, spirtli içkilərlə xaş yeyirlər və dərhal üzərindən çay, yaxud başqa qidalar qəbul edirlər. Yaxşı olar ki, xaş yeyərkən yanında sirkə, limon, sarımsaq olsun. Xüsusilə sarımsaq həm dadlı, həm də immun sistemini gücləndirən bir tərəvəzdir. Soyuğa qarşı immuniteti gücləndirmək üçün xaşa da sarımsaq qatılaraq yeyilməsi çox xeyirlidir. Həmçinin bir məqama da diqqət etmək lazımdır - xaşın soyuq şəkildə jelatinə bənzər hissəsini yemək məsləhətdir. Bu halda orqanizm vitamin D, kalsium almış olur”.
 
Uşaqlara xaş verin
 
L. Zülfüqarlı uşaqlara da xaş verməyin faydalı olduğunu söylədi: "Amma həzmi çətin olduğu üçün onlara kiçik həcmdə vermək lazımdır. Təxminən 50-100 qram vermək olar. Məsələn, bir yumurta ölçüsündə jelatinli hissədən içərisində ətlə bərabər yesinlər. Xüsusilə 4-5 yaşdan yuxarı uşaqlarda sağlam sümük istəyiriksə, tərkibi D vitamini ilə bol düzgün bişirilmiş xaş yedirtməliyik”.
 
Xaşxanaların birində işləyən Gülnaz adlı aşpaz deyir ki, hər səhər xeyli sayda adam xaş yeməyə gəlir: "Bizim öz daimi müştərilərimiz var. Xaşın bir porsiyasını 5 manata veririk. Bəzən evlərə də aparırlar. Çünki mənim bişirdiyim xaş çox dadlı olur. Amma əziyyətli işdir. Özüm bazardan gedib baş-ayaq alıram və gətirib ütürəm. Onu bıçaqla təmizləyib yuyuram. Daha sonra hər yerinə qatıq sürtüb bir daha yuyuram. Bunu ona görə edirəm ki, ütən zaman yaranan zərərli maddələri aradan götürür, həm də daha təmiz edir. Sonra lazımi qaydada doğrayıb iri bir qazanda üstünü su örtəcək qədər su əlavə edib tam vam odda bişməyə qoyuram. Demək olar ki, 8 saata hazır olur. Onun suyu tamamilə bərk bir mayeyə çevrilir. Sonra lazımsız sümükləri ətdən ayırıb, əti tikələrə doğrayaraq həmin su ilə qarışdırıram. Səhər müştərilərimizə sarımsaq, sirkə ilə bərabər təqdim edirik. Bəzi müştərilərimiz isə xaşa soğança hazırlayaraq əlavə etməyimi istəyirlər. Çünki bəzi bölgələrdə xaşı bu cür bişirib yeyirlər”.
 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur