Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Məni daha gözləmə - Kamal Abdullanın ŞEİRLƏRİ

Məni daha gözləmə - Kamal Abdullanın ŞEİRLƏRİ

yüklənir...

Kamal Abdullanın şeirlərini təqdim edirik.

 

Unutmağa kimsə yox

Mәnә deyәn gәrәk nә olub axı,
Nә çabalayırsan, söylә, nә xәbәr.
Sәn çәtin tapasan axtardığını,
Sәn axtardığını itirmәyiblәr.

Nәlәr arzuladıq, nәlәr qazandıq,
Hәlә nәlәri dә itirәcәyik.
Yollara sarılıb biz dә uzandıq,
Hara gәlib çatdıq belә tәlәsik?

De mәnә varmıydın, ya bәlkә yoxdun?
De mәnә, yuxudu bәlkә bu dünya?
Bu bulaq suyunda sәnmiydin axdın?
Bu bulud apardı sәni haraya?

Vaxt gәlir, hәr şeyin yetişir sonu,
Bu nәydi qurtardı, yox oldu, getdi?
Bu da bir hәyatdı, oynadıq onu,
Bu da bir oyundu, yaşadıq bitdi.

Yollar getdi üzü dağa,
Yoxuşlar enişlәrdәn çox.
Kimsә yox xatırlamağa,
Unutmağa da kimsә yox...

Səni mən unutmaram 

Məni daha gözləmə, bu da bir işdi –
doğuldum, yaşadım dünyada.
Məni daha gözləmə –
gözləmə dünyaya gələn
gəldiyinə qayıda.

Səni mən unutmaram –
xatirən
ən naməlum dumanlara
bürünəcək.
Səni mən unutmaram –
Ana bətninə qədər
unutmadıqlarım tək.

Məni daha gözləmə,gəlib yığılma
səni görməyən gözlərimə.
Səni mən unutmaram
Səni mən unutmara1m,
Məni daha gözləmə.

İki üstə gəl iki

Yolla gedən olmasa bilinməz
Bilinməz gəlir bu yol, ya gedir.
Bir dünyaya sal məni, İlahi,
İki üstəgəl iki beş edir.

Yaratdığın dünyalar hesabsız,
Mənim burda nə işim var idi?!
Yaratdığın bir başqa dünyada
Mənə bircə yer tapılar idi.

Rəhm et, məgər çoxmu şey istədim?!
Heç olmadı bunca bir həqiqət.
Bu zavallı dünyada yaşamaq
Məşəqqətdi, İlahi, məşəqqət…

Yaxınlıqda bir Allah varmıdır?!
Heç olmasa səsimi eşitsin.
Bir dünyaya sal məni, İlahi,
İki üstəgəl iki beş etsin. 

İz ləpirdən əvvəl qabaqda neynir?!

Hamı bir-birinə oxşayır necə,
Sözlər də, üzlər də eynən həməndir.
Necə də səhərə oxşayır gecə,
Necə də göy üzü həmən həməndir

Ləpirlər yol boyu eyni ölçüdə,
Qəbirlər qazılır yenə torpağa.
Yenə güc qalmayıb bircə əlçim də,
Yenə ümid qaçıb gedib uzağa.

Yenə o göy üzü, yenə o səma,
Səmaya dikilən baxışlar eyni.
Yenə gəldi izim çıxdı qarşıma,
İz ləpirdən əvvəl qabaqda neynir?!

Hamı bir-birinə oxşayır necə,
Arzular eyni, diləklər eyni…
Hər şey təzədən başlayır necə,
Ruhlar eyni, ürəklər eyni…

Necə göy üzü qabar-qabardır,
Min il, milyon ildi həməndir həmən.
Göy üzündə yenə həmən quşlardır,
Həmənki yağışdır yerə tökülən.

İz ləpirdən əvvəl qabaqda neynir?!
Kimə lazım idi əyri rəsmimiz?!
Yenə qoca Allah göydə deyinir,
Yenə sözəbaxmaz uşaqlarıq biz.

Haralara gətirəcək bizi bu yol?!

Qorumadıq özümüzü, nəfsimizi,
İnanmıram saxlayacaq izimizi.
Nə biz yolu tanıyırıq, nə yol bizi!
Haralara gətirəcək bizi bu yol?!

Hər tərəfi uçurumdu, sıldırımdı,
Bilmək olmur sonu yoxdu, bir addımdı?!
Elə bil ki, göydən düşdü, ildırımdı,
Haralara gətirəcək bizi bu yol?!

Qan var bunun dönüşündə, gedişində,
İtib-batıb bu dünyanın gərdişində.
Bu yol özü əzab dolu, dərd içində…
Haralara gətirəcək bizi bu yol?!

İldırım tək o göründü gözümüzə,
Əlvida da deməyəcək bir gün bizə.
Yox olacaq, arxasınca gəzə-gəzə
Haralara gətirəcək bizi bu yol?!

Su pərisi

Nəhayət baxışın mənə dəyəndə,
Nəhayət tanıdıq bir-birimizi.
O uzaq dənizin dibsizliyində
Sən su pərisiydin, su pərisi.

Artıq yorulmuşuq çevrilmələrdən,
Sən də mənim kimi göylər gəzmisən.
Sonsuz ölmələrdən, dirilmələrdən
Bezmişəm. Əlbəttə, sən də bezmisən.

Bax neçənci dəfə yenə öləndə
Unutduq dünyanın hər bir şeyini.
Ancaq unutmadıq sən də, mən də
O uzaq dənizin yosun iyini.

Səni tanıyan tək xatırladım mən
İlk dəfə dənizdən çıxdığım anı.
Dəniz arxamdaydı, hənirtisindən
Duyurdum mən onun həyəcanını.

Nə idi dünyanın o vaxtkı adı,
Unutdum sehr idi bu, tilsim idi?!
Sən su pərisiydin, bu yadımdadı,
Sən su pərisiydin, bəs mən kim idim?!

Allahım,sən mənim ürəyimdəsən

Uzaq ulduzlardan süzülən işıq
sənin işığın…
uca ucalıqlar məskənin sənin,
Allahım, sən mənim
Ürəyimdəsən!

Həyat ətirlisən, həyat nəfəsli,
Soyuq əsrlərin qaranlığında
Sən elə sən idin
elə o vaxtdan,
Allahım, sən mənim
Ürəyimdəsən!

Nəfəsin var etdi
varlığı yoxdan –
məni yaratdın.
Hardasan axtarır bütün beyinlər,
Allahım, sən mənim
Ürəyimdəsən!

Sən məni görməzsən,
yüksəkliyindən
yer üstə yeriyib kiçilmişəm mən.
Elə qaçarsan ki,
gərəkliyindən
Hamı şübhə edər varlıqsanmı sən?
Allahım, sən mənim
Ürəyimdəsən!

Peşmançılıq

Allah, sənin sevdiklərin
Qırıb-çatdı bir-birini.
Allah, sənin seçdiklərin
Daş qəlbli adamlardı.

Hər şey itirdi sehrini,
İtirdi ilk qəlibini.
Kim kimə saldı mehrini,
Kim kimə satdı qəlbini?

Allah, sənin adamların
Beyni yüklü, qəlbi tüklü.
Yaşadılar harın-harın
Fasiləsiz və sürəkli.

Axı sənə üz tutmamış
Bir addım da atılmadı.
Onda niyə qarış-qarış
Satıldı, dünya qalmadı

Bəlkə sənin xəbərin var –
Nələr oldu bu dünyada,
İstər ağla, istər yalvar –
Nə bir kimsə, nə bir adam.

Daimi bir qorxudayıq,
Alınıbdı nəfəsimiz –
Bəlkə sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz?

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur