Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
Hacıqabulda molla məclisdəkiləri lənətlədi və... - BİABIRÇILIQ

Hacıqabulda molla məclisdəkiləri lənətlədi və... - BİABIRÇILIQ

yüklənir...
Bu günlərdə Hacıqabul rayonunda bir hüzür məclisində iştirak edirdim. Məclisi idarə edən "Həci” Ağamalı adlı mollanın məclisdəkiləri lənətləməsi bütün məclis əhli kimi, məni də narahat etdi. Belə ki, molla Həzrəti Peyğəmbərin adından yalan danışaraq, guya onun içki məclisində oturanları (hətda şərab içməsə belə) lənətləməsi barədə uydurma "hədis” dedi. Məclisdə pərtlik yarandığını görüb, molladan soruşdum ki, heç özün içki içmisənmi? Dedi gəncliyimdə içmişəm, "Quran”a başlayandan sonra tərgitmişəm. Dedim "Quran”da oxumamısanmı içki barədə nə deyilir? Gördüm heç bu oxuduğunun mənasını başa düşən deyil. Dedim qoy məclis əhli də eşitsin: Allah-təala buyurur ki, "Səndən içki və qumar barədə soruşanlara söylə: "Bunlarda həm mənfəət, həm də ziyan vardır. Lakin, ziyanı xeyrindən daha çoxdur...”. Beləliklə, Allah-təala nə içki içənləri, nə də belə yerlərdə oturanları lənətləmir; sadəcə tövsiyyə edir ki, ziyanı xeyrindən çox olan bu nemətdən uzaq durun. Digər bir ayədə isə, Allah belə buyurur: "Demədiyimiz bir sözü əgər Peyğəmbər Bizim adımızdan demiş olsaydı şah damarın boynunun dalından çıxarardıq! Onu Bizim əzabımızdan heç kəs qrtara bilməzdi!” 

Ayədən göründüyü kimi, Allahın "Quran”da buyurmadığını Peyğəmbər desəydi ona güzəşt olunmazdı. Deməli, ay molla, sənin dediyin "hədis” uydurmadır; Peyğəmbər heç vaxt Allahın demədiyini deməz və günahsız insanları lənətləməz. Çünkü, bu gün cəmiyyətimiz o qədər dinamik inkşaf edir ki, biz hamımız kafelərə, restoranlara, şadlıq evlərinə, yaxud da qonaqlıqlara getməli oluruq. Oralarda da bizdən aslı olmayaraq çoxları şərab içirlər. Etmədikləri  bir "günaha” görə insanları niyə lənətləyirsən?

Ən pisi də budur ki, bu günahını öz adından deyil, Peyğəmbərin adından deyirsən!? Qiyamət günü Peyğəmbərin üzünə necə baxacaqsan? Demiyəcəkmi ki, mənim adımdan niyə yalan danışırdın? Günahsız insanları niyə lənətləyirdin?

Onu da qeyd edim ki, molla Ağamalının buraxdığı səhvlər bununla yekunlaşmadı. Belə ki, məclisin əvvəlində hüzür sahibi ilə günü 20 manata  razılaşsa da sonunda rayonda məzəndənin günə 50 manat olduğunu deyib, bu məbləği tələb etdi. Əks halda əziyyətini halal etməyəcəyi ilə təhdid edərək ev sahibindən günü əlli manat hesabı ilə pulunu aldı. 

Görəsən bu cür hərəkət edərkən molla Ağamalı fikirləşdimi ki, 20 manata danışdığı bir işə görə 50 manat alarkən o pulu verən ev yiyəsi artıq verdiyi 30 manatı mollaya halal elədi ya yox? Mənim bildiyim qədər ev  sahibi danışıqdan artıq verdiyi pulu "Həci” Ağamalıya halal etmədi (hər halda özü bunu mənə dedi). Həm də hüzür sahibi məndən xahiş etdi ki, moderator.az saytı vasitəsi ilə "Quran”ın bu ayəsini molla Ağamalının nəzərinə çatdırım (savadsız olduğundan  ola bilsin bundan xəbərsiz olsun):

"Əhdə (verdiyiniz sözə) vəfa edin. Çünki insan əhd barəsində qiyamət günü cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)”. "Quran”, "Gecə vaxtı seyr” surəsi, 34-cü ayə.

Ayədə insan deyəndə şübhəsiz ki, mollalar da  nəzərdə tutulur. Molla Ağamalı oxuduğu kitaba inansaydı və əməl etsəydi yəqin yuxarıdakı ayəyə əməl edib, verdiyi sözün (əhdin) üstündə durardı və insanları halallıqla təhdid edib artıq pul qoparmazdı. Şair Nəsimi belə yerdə deyib: "Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar...”

Molla Ağamalının nəzərinə çatdırım ki, məclisdə əleyhinə danışdığı (insafsızlıqda, harama meyl etməkdə suçladığı) Hacıqabul rayon icra hakimiyyəti başçısının aylıq vəzifə maaşını 30 günə böləndə gününə 50 manat düşmür. Sən savadsız və oxuduğu kitabın  mahiyyətini bilməyən (oxuduğuna əməl etməyən) bir qəbirsanlıq mollası olduğun halda necə olur ki, gündəlik zəhmət haqqını böyük bir rayonun başçısının zəhmət haqqından çox tələb edirsən? Özün belə insafsızlıq edirsənsə, daha başçını niyə suçlayırsan?!

Şahidi olduğum bu hadisəni ona görə qələmə aldım ki, dinimizi gözdən salan bu cür üzdəniraq "molla”lar ibrət götürsünlər. Mən demirəm ki, mollalar məclisdə bütün günü havayı oturmalıdırlar. Şübhəsiz ki, onların da ailəsi, uşaqları var  və hamı kimi o da evinə əliboş getməməlidir. Amma, din xadimi, imanlı adam zəhməthaqqı  istəyərkən fikirləşməlidir ki, yaşadığı  rayonda orta səviyyəli işçilərin (müəllimin, həkimin, mədəniyyət işçisinin...) aylıq əmək haqqı nə qədərdir və bunu günə böləndə neçə manat düşür. Mollaya da həmin məbləğdə gündəlik zəhmət haqqı verilərsə bu halal sayılmalıdır. Daha Ağamalı kimi İH Başçısından çox zəhmət haqqı tələb edib, camaatı dindən, imandan uzaqlaşdırmaq lazım deyil.


Paşa Yaqub,
Yazıçı, psixoterapevt
 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur