Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Fərzəliyevin başı qarışıb Mehdiyevlə Həsənovun əmrlərinə,

Fərzəliyevin başı qarışıb Mehdiyevlə Həsənovun əmrlərinə, "Şəhriyarın" harayını eşitmir

yüklənir...
Nərimanov rayonu ərazisində Sovet vaxtında Dzerjinskinin adını daşıyan təmtəraqlı park vardı. Hr zaman əhalinin qələbəlik olduğu park xüsusilə uşaqların sevdiyi məkan idi. Çünki həmin parkda xeyli sayda attraksionlar, istirahət guşələri, fəvvarə və göl yerləşirdi. Yaxın ərazilərdəki məktəblərin şagirdləri parkda tikilmiş səhnədə konsertlər verir, səhnəciklər göstərirdilər. Parkın ən gözəgəlimli yerində isə Dzerjinskinin 5-6 metr hündürlüyündə heykəlini ucaltmışdılar.

Sovet hökuməti dağılandan sonra parka Azərbaycanın sevimli şairi Məmmədhüseyn Şəhriyarın adını verdilər. Ancaq çox keçmədi ki, parkın taleyi də sevimli şairimizin taleyinə bənzədi. Əvvəlcə parkın ərazisini bir neçə hissələrə bölüb, məşhur "Şuşa”, "Bakı”, "Çanaqqala” restoranlarını tikdilər. Sonra parkdakı Dzerjinskinin heykəlini götürdülər və parkın ortasında "Gənclik” metrostasiyasından aşağı - Xətai küçəsinədək geniş avtomobil yolu saldılar. Beləcə, "Çanaqqala” restoranı parkdan ayrılıb sağ tərəfdə qaldı. Zaman keçdikcə də parkın ərazisində saysız-hesabsız yöndəmsiz, kor-təbii üsullarla hazırlanmış çayxanalar, yeməkanalar peyda olmağa başladı.


Hər tərəfdən iaşə obyektləri ilə əhatə olunmuş Şəhriyar parkı hazırda ömrünün sonunu yaşayır, tamamilə məhv olmaq üzrədir. İnsanların istirahət etməsi üçün nəzərdə tutulmuş park indi daha çox alverxanaya və zibilxanaya bənzəyir. Bərbad vəziyyətdə olan parkdakı attraksionlar artıq sıradan çıxıb, sovet dövründə quraşdırılmış oturacaqlar sınıq-salxaq vəziyyətdədir. Parkın arxa tərəfi zibilliyə çevrilib.
 



Parkdakı ağaclar baxımsız vəziyyətdədir, budanmır, sulanmır. Restoranlara yaxın ərazidəki ağaclar sulansa da, digər tərəfdəki ağaclar ancaq yağış yağandan-yağana su görür. Nəticədə də ağacların, demək olar ki, çox hissəsi quruyub. Həmçinin qalaqlanmış zibillər elə parkın ərazisindəcə yandırıldığından, ağacların bir xeyli hissəsi yanaraq məhv olub.



Vaxtilə göz oxşayan parkda indi antisanitariyanın, natəmizliyin hökm sürməsi parka yaxın ərazidə yaşayan insanları, xüsusilə də uşaqlığı, gəncliyi bu parkda keçmiş ahılları çox narahat edir. Parkda gəzişən bir ağsaqqal deyir ki, kimlərsə parkdakı yaşıllığı qəsdən məhv etməyə çalışır: "Ağacların yerdə qalan hissəsinin də qurumasından qorxuruq. Bəlkə də buranı məqsədli şəkildə, yəni ağacar qurusun deyə, sulamırlar, bilərəkdən yandırırlar. Bir baxın, hələ payız fəsli gəlməyib, amma burdakı ağacların çoxu quruyub, yarpaqları saralıb. Axı bu ağacları əkib-böyütmək üçün illərlə vaxt gedib, yenidən belə bir park salmaq üçün illərlə zaman lazımdır. Bizsə var olana sahib çıxmırıq, Allah ümidinə buraxmışıq”.


Həmsöhbətimizin dediyinə görə, məsələ barədə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb: "Parka baxan Şakir adlı kişiydi, indi o, çox yaşlıdı, gəzə bilmir, parka baxa bilmir. Dəfələrlə yığışıb Nərimanov Rayon İcra Hakimiyyətinə müraciətlər etmişik, amma daşdan səs çıxıb, onlardan yox. Bəlkə də səbrsizliklə parkdakı yaşıllığın, tamamilə məhv olmasını gözləyirlər ki, yerində yeni restoranlar, göydələnlər ucaltsınlar. Yəni, onları parkı abadlaşdırmaq yox, məhv etmək daha çox maraqlandırır, elə olmasaydı, bura da bir əncam çəkərdilər”.



Kim bilir, bəlkə də elə ömrünün yarıdan çoxunu yaşamış bu ağsaqqal doğru düşünür. Bəlkə elə həqiqətən də kimlərsə gözləyirlər ki, parkdakı ağaclar, tamamilə məhv olsun və öz "arzularını” rahat şəkildə reallaşdırsınlar. Əgər elə olmasaydı, Nərimanov Rayon İcra Hakimiyyəti şəhərin mərkəz hissələrindən birində yerləşən bu parkın taleyinə biganə yanaşmazdı, aidiyyəti şəxslər buradakı yaşıllığın məhv edilməsini soyuqqanlıqla izləməzdilər. Və ən azından bu illər ərzində parkda, adını daşıdığı Şəhriyarın, Dzerjinskinin 5-6 metr hündürlüyündə heykəli qədər olmasa da, balaca bir büstünü ucaldardılar.



Ümid edirik ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev rayona rəhbərlik etdiyi müddətdə bircə dəfə olsa belə, Ramiz Mehdiyevin, Əli Həsənovun, Qurban Məmmədovun diktəsi ilə yox, vicdanının səsi ilə iş görəcək. Bu yazını oxuyandan sonra, adını daşıdığı möhtəşəm şairdən bircə nişanə belə daşımayan Şəhriyar parkının abadlaşdırılması ilə bağlı dərhal tapşırıq verəcək. Nə vaxtsa parkın təmir edilərək yenidən istifadə veriləcəyini səbrsizliklə gözləyən həm ahılların, həm də balaca balaların sevincinə səbəb olacaq.


Qeyd: Məsələni diqqətdə saxlayacağıq.

Dominant.az

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur